Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Nərimanov Mürşüd Nadir oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid hərbçi Mürşüd Nərimanovla İmişli rayonunun Məzrəli kəndində doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılınıb. Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Mürşüd Nərimanov 5 may 1963-cü ildə İmişli rayonunun Məzrəli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 26 yanvar 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndi ərazisində hərbi əməliyyatlar zamanı itkin düşüb.