DSMF-nin məlumat bazasında 4,2 milyona yaxın pensiyaçı və sığortaolunan barədə məlumat toplanıb

DSMF-nin məlumat bazasında 4,2 milyona yaxın pensiyaçı və sığortaolunan barədə məlumat toplanıb
# 09 oktyabr 2014 11:04 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. 2014-cü ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsi ilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.

APA-nın cənub bürosunun məlumatına görə, bunu DSMF-nin sədri Elman Mehdiyev Lənkəran şəhərində jurnalistlərə açıqlamasında bildirib.

E. Mehdiyev Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sisteminin mövcud olduğunu və DSMF tərəfindən göstərilən elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb. O, bildirib ki, fondun mərkəzi məlumat bazasında 1 mln. 285 min nəfər pensiyaçı və 2 mln. 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 43%-dən çoxunu təşkil edir.

Hazırda sığortaedənlər tərəfindən DSMF orqanlarına cari ilin III rübü üçün hesabatların təqdim olunmasının davam etdiyini vurğulayan fond sədri bildirib ki, bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edə bilərlər.

DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq, bu ilin 22-23 oktyabr tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb. Tədbirdə Assosiasiyaya üzv olan xarici ölkələrin sığorta-pensiya qurumlarının rəhbər vəzifəli şəxslərinin, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR