Azərbaycan prezidenti “The Business Year” jurnalının baş direktoru, baş redaktoru və buraxılışa məsul əməkdaşlarını qəbul edib

Azərbaycan prezidenti “The Business Year” jurnalının baş direktoru, baş redaktoru və buraxılışa məsul əməkdaşlarını qəbul edib
# 04 aprel 2013 14:04 (UTC +04:00)

APA-nın məlumatına görə, investisiyaların təşviqi və nəşrlər üzrə ixtisaslaşan “The Business Year” jurnalının baş direktoru A. Nazir Valentin Azərbaycanla bağlı layihələrə ilk dəfə 2010-cu ildə başladıqlarını qeyd edib. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20 illiyi və 2012-ci ildə isə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı buraxılışlarının maraqla qarşılandığını qeyd edən qonaq bu il Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı xüsusi material hazırladıqlarını deyib.

Öz növbəsində, dövlət başçısı jurnalın Azərbaycanın təşviqi ilə bağlı gördükləri işləri yüksək qiymətləndirib. Prezident “The Business Year” jurnalının ingilis dilində Azərbaycanla bağlı geniş auditoriya üçün nəzərdə tutulan və müxtəlif yanaşmalarla zəngin olan bu nəşrinin ölkəmizin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanın iqtisadi, siyasi, təhlükəsizlik, biznes, sərmayə qoyuluşu, xarici əlaqələr və digər sahələrlə bağlı məsələlərin jurnalda ətraflı təhlil olunmasını yüksək qiymətləndirən dövlət başçısı “The Business Year: Azerbajan-2013” xüsusi buraxılışının əhəmiyyətini qeyd edib.

“The Business Year” jurnalının prezident İlham Əliyevi “İlin adamı” seçdiyini qeyd edən jurnalın baş redaktoru C. Con bunun Azərbaycanda iqtisadi artımın yüksəlişi, ümum daxili məhsulun son 5 ildə sürətlə artaraq 4-5 milyard dollardan 25 milyard dollara çatması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə edilən böyük uğurlarla bağlı olduğunu deyib və mükafatı Azərbaycan prezidentinə təqdim edib.

Prezident “İlin adamı” mükafatına görə təşəkkürünü bildirib.

Sonra dövlət başçısı Azərbaycanda əldə olunan bütün uğurların əsasında ölkənin sürətli iqtisadi inkişafının dayandığını qeyd edib. Prezident bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində neft-qaz amilindən asılılıq azalıb, neft gəlirlərinin şəffaf şəkildə insanların və ölkənin mənafeyi naminə istifadə olunması nəticəsində son 10 ildə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə qədər enib. İnformasiya-kommunikasiya texnologiyaları sektorundakı sürətli inkişafa toxunan dövlətimizin başçısı Azərbaycanın kosmik ailənin üzvü olmasının önəmini qeyd edib.

2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğunu deyən prezident bu sahədə əldə edilən uğurlardan danışıb. Dövlət başçısı ölkənin nüfuzunun beynəlxalq aləmdə getdikcə möhkəmləndiyini xüsusi vurğulayıb.

Prezident İ. Əliyev “The Business Year” jurnalının enerji, ticarət, biznes, investisiya, mədəniyyət və digər sahələrdə Azərbaycanı olduğu kimi təqdim etdiklərinə görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR