Mingəçevir su anbarı yaxınlığında yeni abidə aşkarlanıb

Mingəçevir su anbarı yaxınlığında yeni abidə aşkarlanıb
# 28 fevral 2014 14:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax ekspedisiyası Mingəçevir su anbarı yaxınlığında Azad Zeynalovun rəhbərliyi ilə arxeoloji tədqiqat işləri aparıb.

AMEA-dan APA-ya verilən məlumata görə, tədqiqatlarda rusiyalı mütəxəssislər də iştirak edib. Alimlər tədqiqat nəticəsində Mingəçevir su anbarı yaxınlığında, aşel dövrünə aid yeni Qaraca abidənin aşkar edilməsi haqqında məlumat veriblər: “Adı çəkilən abidədən aşkarlanmış əl çapacaqları, çopperlər, nukleuslar, qaşovlar və s. Cənubi Qafqazın arxantrop əhalisinin yaşam tərzi, mədəniyyəti ətraf mühitlə əlaqəsinin kompleks şəkildə tədqiqinə imkan verir. Abidənin yaşının, geniş diapazonda yuxarı Abşerondan Bakıya qədər - 1 mil. 800 min. il bundan əvvəldən 500 min il bundan əvvələ qədər olması ehtimal olunur”.

Ekspedisiyanın tərkibində Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun elmi katibi, arxeoloq Sergey Kulakov, REA Dağıstan Geologiya İnstitutunun əməkdaşı, geoloq İdris İdrisov, AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları Tariyel Heybətov, İlqar Mustafayev və Teymur Mustafayev fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR