Rəbiyyət Aslanova: “Onlar kimliklərini bilməyən vətənsiz və bayraqsız insanlardır”

Rəbiyyət Aslanova: “Onlar kimliklərini bilməyən vətənsiz və bayraqsız insanlardır”
# 17 sentyabr 2013 10:56 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan ziyalısı sözü özündə çox böyük bir məna yükü daşıyan məqamdır, əsl vətəndaş obrazıdır. Ziyalı elə bir şəxsiyyətdir ki, o, cəmiyyətdə öz müsbət ictimai mövqeyi ilə seçilir, sosial iyerarxiyada yüksək mövqeyi ilə fərqlənir. Ziyalı millilik hissinə malik olmalıdır. Amma təəssüf ki, bəzi bir zamanlar Azərbaycana xidmət etmiş adamlar indi bu hissi itirib”. Bunu APA-ya Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

O qeyd edib ki, kimliyindən asılı olmayaraq, vətəndaşlıq mövqeyi olmayan şəxsə ziyalı demək olmaz. R.Aslanovanın sözlərinə görə, bu gün Azərbaycan ziyalısı vətəninin güclü dövlətə çevrilməsinə töhfə verən insana deyilir: “Bu gün cəmiyyətdə vaxtilə yaxşı ziyalı hesab edilmiş insanların siyasi səbatsızlığına təəccüblənən insanlar bir anlıq fikirləşirlər ki, axı nə oldu bu insanlara belə səbatsız duruma düşdülər? Axı onlar bir vaxtlar özlərini ziyalı adlandırırdılar. Bu gün nə baş verdi ki, vaxtilə yaxşı ziyalı olan insanlar bu gün dövlətimizin bu həssaslığına kifayət qədər qarşılıqlı cavab verə bilmirlər? Nəinki verə bilmirlər, hətta öz fəaliyyətləri ilə bir qırıcılığa, xaosa, dövlətin apardığı o böyük siyasətin təhrifinə xidmət edirlər. Bütün bunlar bu gün cəmiyyəti çox düşündürür, həmin mövqeyini itirmiş insanlara qarşı narazılıq hissi yaşanır. Mən konkret olaraq bu insanları adları ilə də göstərə bilərəm. Məsələn, Rüstəm İbrahimbəyovun fəaliyyəti, ona silahdaş olan digərlərinin fəaliyyəti və s. dediklərimə misaldır. İndi o müxalifət nümayəndələrinin adlarını çəkmək istəmirəm, çünki onlar, ümumiyyətlə, ziyalı obrazına cavab verən insanlar olmayıblar. Onlar bir vaxtlar özlərini xalqa, dövlətçiliyə xidmət edən insanlar kimi göstərirdilər, amma zaman gəldi və məlum oldu ki, bu belə deyil. Zaman göstərdi ki, bu insanlar üçün ziyalı sözü acı bir ifadə imiş”.

R.Aslanova deyir ki, qeyd etdiklərindən fərqli olaraq, əsl ziyalılar insanları birləşdirməli, dövlətinin yanında olmalıdır: “Kənardan durub müşahidəçi missiyasını yerinə yetirməməlidir. Yaxud müşahidəçi missiyasından da kənara çıxıb qırıcılığa, insanlar arasında şübhə toxumu əkmək missiyasına keçməməlidir. Bu baxımdan hesab edirəm ki, ziyalının ən böyük amalı vətəndaşlıq mədəniyyətidir, dövlətinin qorunmasında, güclənməsində yaxından dəstək göstərməkdir. Əgər o bunu başa düşmürsə, sözsüz ki, həmin insanlara ziyalı demək olmur. Onlar üçün ən böyük cəza elə vətənsiz və bayraqsız yaşamaqdır. Vətənini gedib başqaları qarşısında əyən insanlar başa düşməlidirlər ki, onlar de-yure bu ölkənin vətəndaşları olsalar da, əslində kimliklərini bilməyən vətənsiz və bayraqsız insanlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR