Mayis Məmmədov: ““Adam içində” verilişini bağlamaq niyyətimiz yoxdur”

Mayis Məmmədov: ““Adam içində” verilişini bağlamaq niyyətimiz yoxdur”
# 15 mart 2014 14:24 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında “ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədov deyib.

“Biz özəl kanalıq. İstəyirlər, hamı bir kanal kimi olsun? Bu, düzgün deyil axı. Müxtəlif agentliklər, qəzetlər var, onların hamısı fərqlidir. Kim nəyi istəyir, alır, oxuyur, belə də olmalıdır. Milli Televiziya və Radio Şurası necə tapşırıq verə bilər ki, bu cür verilişlər bağlansın? Qərar versələr ki, idman verilişləri bağlansın, olarmı? İnsanlar Azərbaycan kanallarına deyil, Rusiyanın, Türkiyənin kanallarına baxacaqlar”, - deyə M. Məmmədov bildirib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) dünən keçirilən iclasında ANS telekanalında yayımlanan “Adam içində”, “Azad Azərbaycan” telekanalında yayımlanan “Ümid var” və “Space” telekanalında yayımlanan “Üz-üzə” verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanıb, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib.

MTRŞ tərəfindən telekanal rəhbərlərinə gələcəkdə proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.

Qeyd edək ki, ATV-də yayımlanan “Ümid var” verilişi artıq bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR