Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi beynəlxalq sərgi-konfransına hazırlaşır

Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi beynəlxalq sərgi-konfransına hazırlaşır
# 28 mart 2014 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayında Bakıda XXI «Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2014» və IV «Xəzər beynəlxalq energetika və alternativ enerji» sərgi və konfransı keçiriləcək. Azərbaycanın Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyində bu sərgi və konfransa hazırlıq işləri üzrə Təşkilat Komitəsi yaradılıb.

Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, birinci iclasda çıxış edən Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib ki, dünyanın aparıcı dövlət və şirkətlərinin yaxından iştirak etdiyi bu ilki sərgi və konfrans «Əsrin Müqaviləsi»nin 20 illiyinə həsr ediləcək.

Onun sözlərinə görə, IV «Xəzər Beynəlxalq energetika və alternativ enerji» sərgi və konfransın əsas təşkilati dəstəkçilərindən biri Dövlət Agentliyidir: «Agentlik həm də sərgidə ən böyük pavilyonlarından birinə sahiblik edərək, bu il öz fəaliyyətini daha geniş ərazidə nümayiş etdirmək imkanı da əldə edəcək. Sərgi və konfransın mühüm beynəlxalq əhəmiyyətini, əlaqələrin genişlənməsinə böyük imkanlar yaratdığını nəzərə alaraq, alternativ və bərpa olunan enerji mənbələrindən daha səmərəli istifadə olunması sahəsində ölkədə əldə olunmuş nailiyyətləri, perspektiv imkanlarını, eləcə də Azərbaycanın bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını daha yüksək səviyyədə təqdim etmək məqsədi ilə geniş tədbirlər planı müəyyən olunub».

Qeyd edək ki, XXI «Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2014» və IV «Xəzər Beynəlxalq energetika və alternativ enerji» sərgi və konfransı iyunun 3-6-da «Baku Expo Center»də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR