Bakıda II Qlobal Açıq Cəmiyyət Forumu keçiriləcək

Bakıda II Qlobal Açıq Cəmiyyət Forumu keçiriləcək
# 22 fevral 2014 12:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2014-cü il aprelin 27-30-u tarixində Bakıda II Qlobal Açıq Cəmiyyət Forumu keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, foruma hazırlıq məqsədilə Afina şəhərində II Ali Hazırlıq toplantısı keçirilib.

Toplantının işində Yunanıstan siyasi və ictimai həyatının nümayəndələri, rəsmilər və tanınmış simalar iştirak edib. Toplantıya həmsədrlik edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vaira Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış edərək bildiriblər ki, qarşıdurmaların artdığı bir zamanda dinlər, xalqlar, mədəniyyətlər arasında möhkəm körpü rolunu oynaya biləcək ideyalara çox böyük ehtiyac var: “Belə bir məqamda 9 əsr öncə Azərbaycanda dünyaya gəlib yaşayan və açıq cəmiyyət dəyərlərini, insan haqlarını, qadının cəmiyyətdə rolunu, təhsilin, elmin əhəmiyyətini təbliğ edən Nizami Gəncəvi kimi şəxsiyyətin yaratdığı xəzinənin əhəmiyyəti görünür və məhz onun ideyaları əsasında yaranmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hazırda bu önəmli missiyanı üzərinə götürərək, dinindən olmayaraq Şərqlə Qərbi birləşdirəcək körpü rolunu oynamaq iqtidarında olduğunu göstərməkdədir”.

II Ali Hazırlıq toplantısının işində Albaniya, Bolqarıstan, Rumıniya, Latviya, Serbiyanın sabiq prezidentləri, Yunanıstanın sabiq baş nazirləri, Gürcüstan, Liviya, Misir, İsveçrə, Hindistan, Xorvatiya kimi ölkələrin rəsmiləri, YUNESKO, BMT, Dünya Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq təşkilatın rəhbərlikləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR