Qubada “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Qubada “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
# 29 mart 2013 09:27 (UTC +04:00)

AMEA Tarix İnstitutu və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Rumıniya və digər ölkələrdən olan tarixçi alimlər iştirak edir. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, konfransın açılışından əvvəl iştirakçılar Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət ediblər. İştirakçılar burada gördüklərindən dəhşətə gəldiklərini bildiriblər.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ermənilərin Azərbaycanda törətdikləri soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində çoxsaylı işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, dünya ictimaiyyəti bu reallığı qəbul etmək istəmir.

Konfransın Almaniyadan olan iştirakçısı, “Xocalı” kitabının müəllifi Rolf Kunş jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin bu soyqırımın tanıdılması istiqamətində səyləri təqdirəlayiqdir: “Bu, bir soyqırımı aktıdır”.

AKP Ankara millət vəkili, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq Qrupunun üzvü Tülay Selamoğlu jurnalistlərə açıqlamasında ermənilərin təkcə azərbaycanlılara qarşı deyil, bütün türk xalqına qarşı soyqırımı törətdiyini bildirib. Onun sözlərinə görə, bu soyqırımın dünyada tanıdılması üçün birgə çalışmaq lazımdır.

Cənubi Azərbaycandan olan tarixçi alim Məhəmməd Səbnasizadə Urmiyada da kütləvi məzarlıqların olduğunu deyib. O, ermənilərin törətdiyi bu kimi qırğınların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında belə beynəlxalq konfransların vacib rol oynadığını xüsusi vurğulayıb.

Albaniyalı tarixçi Muqa Entela azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktları ilə bağlı ölkəsində məlumatlandırma işini davam etdirəcəyini deyib.

Konfransın açılış mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadənin, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun, Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavininin və xarici ölkələrdən dəvət olunan qonaqların çıxışları planlaşdırılır. Konfransda ümumilikdə 40-dan çox alim və tədqiqatçının “Azərbaycan və türk xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda məruzələrlə çıxış etməsi nəzərdə tutulub.

Konfrans işini “Qafqaz Birinci Dünya müharibəsi illərində”, “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda soyqırım” bölmələri üzrə davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR