Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumu keçirilir

Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumu keçirilir
# 08 sentyabr 2012 08:02 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə Azərbaycan Gənclərinin I Liderlik Forumu keçirilir. APA-nın Qərb bürosunun məlumatına görə, Ramada Oteldə keçirilən forumun təşkilatçıları Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyidir.

Sentyabrın 11-dək davam edəcək foruma Bakı və Gəncədən 200-dən artıq iştirakçı qatılıb. Forumun Gəncədə keçirilməsinə səbəb bu şəhərin 2012-ci ildə Gənclər Paytaxtı elan olunmasıdır.

Forumda giriş nitqi söyləyən Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov inkişaf edən Azərbaycanda gənclərin üzərinə böyük məsuliyyət hissi düşdüyünü deyib. Gəncə şəhərində aparılan quruculuq-abadlıq işlərinə diqqət çəkən natiq şəhərin bu cür irimiqyaslı tədbirlərə ev sahibliyi edəcəyini bildirib və forum iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, Azərbaycan Gənclərinin I Liderlik Forumunun keçirilməsində məqsəd müxtəlif sferalarda lider mövqedə olan gəncləri bir araya gətirərək ölkənin qarşısında duran müxtəlif xarakterli mühüm problemlərlə bağlı fikir mübadiləsi aparmaqdır. O forumun öz işini müxtəlif panellərdə davam etdirəcəyini, müzakirə olunan mövzular üzrə ekspertlərin fikirlərinin dinlənəcəyini deyib.

Qeyd edək ki, forum işini sentyabrın 11-də başa vuracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR