Bu il Qobustan, Bərdə, Yevlax və Naftalanda su təchizatı və kanalizasiya layihələrinin icrasına başlayacaq

Bu il Qobustan, Bərdə, Yevlax və Naftalanda su təchizatı və kanalizasiya layihələrinin icrasına başlayacaq
# 14 may 2012 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sonunadək «Azərsu» ASC Qobustan, Bərdə, Yevlax və Naftalanda su təchizatı və kanalizasiya layihələrinin icrasına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu layihə ilə bağlı Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə də geniş əməkdaşlıq mövcuddur: «Bu agentliklə birgə cari ilin aprel ayında Qusar və Xaçmazda, may ayında isə Xızı şəhərində layihələrin təməlqoyma mərasimləri keçirilib. İlin sonuna qədər isə Qobustan, Bərdə, Yevlax və Naftalanda işlərə başlamağı hədəfləmişik».

Q.Hüseynov bildirib ki, bunlardan başqa, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu su təchizatı və kanalizasiya layihələrinə vəsait ayıracaq: «Bu 2 qurum regionlarda yox, Abşeronda layihələrin icrasına vəsait yönəldəcək. Belə ki, Kürdəxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin Pirşağıda Çirkab Sutəmizləyici Qurğunun inşası Koreya Agentliyinin, Səbail rayonunun 20-ci Sahə və ona bitişik ərazilərdə, həmçinin Xırdalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Səudiyyə Fondunun maliyyəsi ilə reallaşacaq».

Sədr həmçinin «Azərsu»dan başqa «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sifarişi ilə Dünya Bankının maliyyəsi hesabına 8, Ərazilərin Yenidən Qurulması və Bərpası üzrə Agentliyin sifarişi əsasında dövlət büdcəsi vəsaiti hesabına 6 rayon mərkəzində layihələrin həyata keçirildiyini bildirib: «Artıq 40-dan çox rayonda bu işlər başlayıb və bir neçə şəhərdə işlərin birinci mərhələsi başa çatıb. Qalan rayonlarda isə düşünürəm ki, bu ilin sonuna qədər layihələrə start veriləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR