Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
# 01 noyabr 2012 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində cari ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışıb, ölkə başçısının sərəncam və fərmanları, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin, İKT sahəsində həyata keçirilən islahatlar, gələcək böyük layihələr və perspektivlərdən söz açıb.

Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, 2012-ci ilin III rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulayıb.

Kollegiya iclasında cari ilin III rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.

Məruzədə qeyd olunub ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18,2% artaraq 1 068,3 mln. manat təşkil edib, ötən illə müqayisədə artım tempi İKT sektorunda 17,8%, o cümlədən telekommunikasiya sektorunda 19,2%, İT sektorunda 3,8%, poçt sektorunda 14,2%, informasiya sektorunda isə 42,3% təşkil edib.

Ölkə əhalisinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, kompüterlərin sayı 20 ədəd, internet istifadəçilərinin sayı 65, genişzolaqlı internet istifadəçilərinin sayı 30-dan artıqdır, həmçinin, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

Kollegiyaya yekun vuran nazir ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı tapşırıqlar verib.

Bundan başqa, kollegiyada hər il ənənəvi olaraq keçirilən «Bakutel» İKT sərgi-konfransı və Bakıda ilk dəfə olaraq BMT-nin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan İnternet İdarəçilik Forumuna hazırlıq işləri müzakirə olunub, hər iki beynəlxalq tədbirin yüksək səviyyədə təşkili üçün müvafiq göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR