Bakıda sənaye parklarına dair regional konfrans keçirilir

Bakıda sənaye parklarına dair regional konfrans keçirilir
# 17 aprel 2012 08:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda BMT-nin Sənaye və İnkişaf Təşkilatı (UNIDO), İqtisadi İnkişaf və Sənaye və Energetika nazirliklərinin təşkilatçılığı və Sloveniya hökumətinin dəstəyi ilə sənaye parklarına dair regional konfrans işə başlayıb.

APA-Economics”in məlumatına görə, iki gün davam edəcək tədbirin məqsədi Avropa və Mərkəzi Asiyanın seçilmiş dövlətləri arasında sənaye parklarının istifadəsində investisiya və rəqabət qabiliyyətinin təşviq edilməsi, bazar və institusional çatışmazlıqların aradan qaldırılması, iqtisadi biliklərin artırılması, bu sahədə olan yeniliklərin öyrənilməsi və iqtisadiyyatın diversifikasiyasının asanlaşdırılması üzrə bilik və təcrübəni bölüşmək, eyni zamanda sənaye parklarının inkişaf etdirilməsi üçün ümumi problemləri və imkanları müəyyənləşdirmək məqsədilə regional təşkilatlar arasında şəbəkənin yaradılmasıdır.

Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Rusiya, Serbiya, Sloveniya, Tacikistan, Türkmənistan və Ukraynanın nümayəndələri iştirak edir.

Tədbirin birinci günü məruzələr dinləniləcək, ikinci günü isə “Maliyyə və insan resurslarının cəlb edilməsi”, “Texnoloji biliklərin, innovasiya və iştirakın asanlaşdırılması”, “Yaxşı idarəetmənin yolu: park idarəetməsi, ictimai xüsusi tərəfdaşlıq, hökumət orqanları ilə əməkdaşlıq”, “Strategiya, siyasət və proqramlar vasitəsilə davamlı inkişafın əldə edilməsi” mövzularında dəyirmi masalar təşkil olunacaq.

Dəyirmi masalardan sonra dəyirmi masanın nəticələrinin təqdimatı keçiriləcək, sənaye parklarının inkişafı və şəbəkənin yaradılması üzrə milli və regional əməkdaşlığın qurulması üzrə təkliflər hazırlanacaq. Eyni zamanda tədbir çərçivəsində sənaye parklarının inkişafı və şəbəkənin yaradılması üzrə milli və regional texniki əməkdaşlıq üçün fəaliyyət planının müzakirəsi və təsdiqlənməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR