Sorğu: Azərbaycanda işəgötürənlər daha yaşlı və daha təcrübəli işçilərə üstünlük verir

Sorğu: Azərbaycanda işəgötürənlər daha yaşlı və daha təcrübəli işçilərə üstünlük verir
# 29 avqust 2012 08:17 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bu, Təhsil Nazirliyinin sifarişi ilə Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzi (MMRM) tərəfindən həyata keçirilən «Azərbaycan Respublikasının iqtisadi rayonlarının ilk peşə-ixtisas təhsili müəssisələrinin (İPİTM) fəaliyyətinin iqtisadi rayonların əmək bazarının ehtiyaclarına uyğunluğunun, işəgötürənlərin peşə kompetensiyalarına və peşə standartlarına münasibətinin, əmək bazarında ən çox ehtiyac duyulan peşələrin müəyyən edilməsi Layihəsi» çərçivəsində aparılan sorğu nəticəsində məlum olub.

Ölkənin 5 iqtisadi rayonunu (Dağlıq Şirvan, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran) - ümumilikdə 4 mln. nəfərin yaşadığı 39 rayon və şəhəri əhatə edən layihənin keçirilməsində məqsəd regionların inkişaf istiqamətlərinə və yeni yaranacaq istehsal və xidmət müəssisələrinin tələbatına uyğun peşə ixtisas kadrlarının hazırlanması proqnozlarının işlənməsidir.

Sorğu göstərib ki, regiondakı sahibkarları peşə təhsilli işçilərə daha çox üstünlük verir. Belə ki, işəgötürənlərin 3,9%-i işçinin orta təhsilli, 8,7%-i orta-ixtisas təhsilli, 43%-i peşə təhsilli, 5,8%-i ali təhsilli olmasını vacib sayır. Sahibkarların 38%-i üçün isə bunun fərqi yoxdur.

Araşdırmalar zamanı məlum olub ki, 23-30 yaş arasında olanların iş tapması daha asandır. İşə götürənlərin böyük hissəsi - 45,4%-i bu yaşda olan işçilərə üstünlük verir. İşəgötürənlərin orta hesabla 13,6%-i işçinin 18-22 yaş, 18,9%-i 31-35 yaş, 3,7%-i 36-40 yaş həddində olmasına üstünlük verib. Sahibkarların 15%-i üçün isə işçinin yaşının fərqi yoxdur. Başqa sözlə, bu seçim göstərir ki, işəgötürənlər daha yaşlı, daha təcrübəli işçilərə üstünlük verir.

Sorğu göstərib ki, işəgötürənlərin əksəriyyəti (46,1%) işçi qəbul edərkən kişilərə üstünlük verirlər. Sahibkarların 9,4% qadınları işə götürməyə üstünlük verir, 44,5%-i üçün isə bunun əhəmiyyəti yoxdur.

Ən maraqlı nəticələr işçilərin şəxsi keyfiyyətləri ilə bağlı olub. İşəgötürənlərin 26,3%-i işçinin intizamlı, 21%-i sağlam, 19,2%-i çalışqan, 10,5%-i savadlı, 6,6%-i ünsiyyətcil, 1,8%-i sözəbaxan olmasına daha çox üstünlük verir. «Bundan əlavə işəgötürənlər işçinin etibarlı olmasına böyük əhəmiyyət verir, bunun üçün də daha çox qohumlarını, dost-tanışlarını, həmyerlilərini işə götürür, bu zaman işçinin peşə ixtisasının olub-olmamasına əhəmiyyət vermirlər», - deyə sorğunun nəticələrində bildirilir.

Sahibkarların təqribən yarısı işə qəbul etdikləri işçilərin əlavə biliklərə də malik olmasını istəyirlər. Belə ki, işə götürənlərin 17,4%-i işçinin xarici dil bilməsini, 34,9%-i kompüter biliklərinin olmasını arzu etdiklərini bildirib. Xarici dilə ən çox tələbat Quba-Xaçmaz (30,4%) və Şəki-Zaqatala (25,3%), ən az tələbat isə Dağlıq Şirvan (9,1%) iqtisadi rayonlarındadır.

Kompüter biliklərinə ən böyük tələbat Dağlıq Şirvan (62,4%), ən az tələbat isə Şəki-Zaqatala (14%) iqtisadi rayonlarındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR