Azərbaycanda indiyədək dövlət qurumlarına 2 mindən artıq «elektron imza» verilib

Azərbaycanda indiyədək dövlət qurumlarına 2 mindən artıq «elektron imza» verilib
# 06 avqust 2012 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İndiyədək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarına 2 mindən artıq «elektron imza» («e-imza») verilib. «APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, artıq ölkədə «elektron hökumət» internet portalı yaradılıb və hazırda portala 30 dövlət qurumu qoşulub ki, bu qurumlar tərəfindən 124 «elektron xidmət» göstərilir: «Digər dövlət qurumlarının portala qoşulması üçün də işlər aparılır. Ümumiyyətlə, həm qurumlar, həm xidmətlər tədricən artmaqdadır».

Hazırda ölkədə «e-imza»nın verilməsi prosesinin də aktivləşdiyini bildirən nazir müavini qeyd edib ki, bu günədək 40-dan artıq təşkilat 2 mindən çox «e-imza» əldə edib və bu da öz növbəsində «elektron portal»dan istifadəni asanlaşdırır.

E.Vəlizadə həmçinin əlavə edib ki, «e-imza»nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.

Qeyd edək ki, 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur. «Elektron hökumət» portalında sahələr üzrə bölgü aparılıb. Məsələn, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və s. Əhali portala daxil olaraq xidmətlərin siyahısı ilə tanış olub, onlardan «e-imza» vasitəsilə istifadə edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR