DAK-ın Ukraynada XII qurultayı keçirilib - FOTOSESSİYA

DAK-ın Ukraynada XII qurultayı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 aprel 2012 07:25 (UTC +04:00)
Donetsk. Ramil Məmmədli-APA. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayı keçirilib.

APA-nın məlumatına görə, “Viktoriya” mehmanxanasında keçirilən qurultaya dünyanın 30 ölkəsindən 110 nümayəndə və qonaq qatılıb. Qonaqlar arasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı, xalq artisti Afaq Bəşirqızı, Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı, Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin, Ukrayna energetika nazirinin keçmiş müavini Burcu Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də olub.

Azərbaycanın dövlət himni ilə başlayan qurultayda əvvəlcə çıxış üçün söz qonaqlara verilib.

DAK-ın Ukrayna Nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov qurultayın Donetskdə keçirilməsinə şərait yaratdıqları üçün Ukrayna hökumətinə, Donetsk vilayətinin və şəhərinin rəhbərliyinə təşəkkürünü bildirib. M. Hüseynov DAK-ın fəaliyyətinin əhəmiyyətindən və qarşıda duran məqsədlərdən danışıb.

GAMOH sədri Mahmudəli Çöhraqanlı isə çıxışında İranda yaşayan türklərin haqlarının pozulmasına toxunub. O deyib ki, İranda milyonlarla Azərbaycan türkü öz hüququnun bərpası üçün mübarizəyə başlayıb: “20 il əvvəl Güney Azərbaycanda öz fərdi haqqını tələb edə bilməyən türklər, bu gün milli kimliklərinin bərpası uğrunda ciddi hərəkata başlayıblar. Artıq milli hərəkatımız yüksəliş mərhələsindədir. Əlbəttə 35 milyonuq, amma əliyalınıq, arxamızda heç kim olmadan mübarizə aparırıq. Ümid edirəm ki, güneyli türklər öz soydaşlarından lazımı dəstəyi alacaqlar və layiq olan haqlarını əldə edəcəklər”. M. Çöhrəqanlı bölgədəki mövcud vəziyyətə və DAK-ın fəaliyyətinə də toxunub. O, birgə əməkdaşlığın milli və dövlət maraqları üçün xüsusi əhəmiyyətini də vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Qaya dünya türklərinin problemlərinə toxunub. O Türkiyənin 30 ilə yaxındır terrorla qarşı-qarşıya olduğunu deyib: “Buna baxmayaraq, Türkiyə bütün bu problemlərin öhdəsindən gələ biləcək və terrora qalib gələcək”. Güney Azərbaycan türklərinin problemlərinə də diqqəti yönəldən A. Qaya bildirib ki, Türkiyə parlamentində Güney Azərbaycandakı türklərin hüquqları ilə bağlı məsələnin müzakirəsini gündəmə gətirilməsi üçün dəfələrlə öz təklifləri ilə çıxış edib.

İraq Türkmən Cəbhəsinin nümayəndəsi, İraq parlamentinin deputatı və DAK-ın həmin ölkə üzrə təmsilçisi Əkrəm Fevzi ana dilinin önəmi barədə danışıb. O, türklərin təzyiqlərə qarşı birgə mübarizəsinin əhəmiyyətini vurğulayıb. Ə. Fevzi DAK-ın növbəti qurultayının Kərkük şəhərində keçirilməsi təklifi ilə də çıxış edib.

Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin qurultay iştirakçılarının təbrik edərək diqqəti Güney Azərbaycanın müstəqilliyinin əldə olunması ilə bağlı mübarizəyə yönəldib: “Müstəqilliyimizin yaranması üçün uyğun şərait yaranıb. Bu, dövlətçiliyimizin yaranması üçün böyük şansdır”. M. Bilgin DAK-ın Güney Azərbaycan hərəkatına verdiyi dəstəyin davamlı olacağına ümid etdiyini də söyləyib.

Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı əməkdaşlığın vacibliyini söyləyib və Azərbaycan Cümhuriyyətinin güneyli türklərin problemlərinin dünyada təbliğinə dəstək verəcəyinə ümid etdiyini də bildirib.

Sonra toplantıda mandat komissiyası və Divan seçilib.

DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və təşkilatın digər qurumlarının rəhbərləri hesabat xarakterli çıxış ediblər.

Sabir Rüstəmxanlı deyib ki, DAK ötən iki il ərzində əsas diqqəti təşkilatlanmaya və beynəlxalq əlaqələrin genişlənməsinə yönəldib: “Beynəlxalq əlaqələr çərçivəsində Güney Azərbaycan məsələsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər aparılıb. Təşkilatın fəaliyyət coğrafiyası çox geniş olub. Bu gün dünyada həm güneydən, həm də quzeydən olanların sayı çoxdur. Onların birgə fəaliyyət göstərməsi daha vacibdir. Yoxsa münasibətlərin soyuması prosesi dərinləşə bilər. Təvazökarlıqdan uzaq olsa da, bəzən Güney Azərbaycanın qeyri-rəsmi səfiri funksiyasını yerinə yetirməli oluram. Əslində bu, tez-tez baş verir. Nəzərə alınmalıdır ki, Güney Azərbaycandan olan tələbələrin təhsilində güzəştlərin tətbiqi çox vacibdir. Parlamentdə bunu dəfələrlə söyləmişəm, yazılı qayda da hökumətə müraciət də etmişəm. Bu məsələyə etinasızlıq milli dəyərlərə xəyanətdir”.

S. Rüstəmxanlı Azərbaycan türklərinin lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə xarici dillərdə yayımlanan televiziya kanalının və qəzetin yaradılmasına ehtiyac olduğunu da söyləyib.

DAK həmsədiri Firudin Pərvizniya təşkilatlanmada və fəaliyyətin inkişaf etdirilməsində iqtisadi imkanların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Güney Azərbaycan türklərinin haqlarının pozulmasına toxunan F. Pərvizniya istənilən halda azərbaycanlıların haqlarının bərpasına nail olacaqlarını söyləyib.

Məruzələrdən sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində Sabir Rüstəmxanlı, Vaqif Arzumanlı, Xəzər Emin, İsmayıl Ağayev, Zəlimxan Məmmədli, Atilla Qaya, Şəhzad Cahanpənah, Abuzər Bağırov, Tahir Hacıyev, Rəhman Abbasov, Kənan Ağazadə, Firudin Pərvizniya, Əjdər Tağızadə, Eldar Qaradağlı, Rəhmət Rafət, Möhlət Hüseynov, Fuad Ağayev, Əkrəm Fevzi, Esmira Əsgərova DAK İdarə Heyətinin üzvü seçiliblər.

DAK-ın 50 nəfərlik Məşvərət Məclisinin sədri vəzifəsinə isə GAMOH lideri Mahmudəli Çöhrəqanlı seçilib. Qurumun Nəzarət və Təftiş Komissiyasına isə Samir Əsədli rəhbərlik edəcək.

Daha sonra İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib və Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın növbəti müddətə həmsədri seçiliblər. Eldar Qaradağlı, Vaqif Arzumanlı, Xəzər Emin, Abuzər Bağırov DAK həmsədrinin müavini təyin olunublar.

Tədbir ədəbi-bədii tədbirlə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR