“Sabahın alimləri” V Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” V Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 13 fevral 2016 10:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Sabahın alimləri” V Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, təhsil ekspertləri iştirak ediblər.

F. Qurbanov bildirib ki, “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarətdir: “Elmin gücündən istifadə olunmasa böyük nəticəyə nail ola bilmərik. Müsabiqədə iştirak etmək hər bir şagird üçün şərəfdir. Bu müsabiqədə hər kəs mükafat ala bilməz. Amma iştirakçı olmaq artıq nailiyyətdir. Müsabiqədə şagirdlər böyük həvəslə iştirak etdi və bu, bizi sevindirir. “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edib. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, müxtəlif bölgələrin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib”.

F. Qurbanov əlavə edib ki, müsabiqəyə təqdim olunan layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib.

Tədbirdə qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanıb.

Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR