Mixail Qusman: “Biz hələ İT texnologiyalarının nə dərəcədə təhlükəli rol oynaya biləcəyini qavramamışıq”

Mixail Qusman: “Biz hələ İT texnologiyalarının nə dərəcədə təhlükəli rol oynaya biləcəyini qavramamışıq”
# 29 sentyabr 2016 16:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Hökumətlər qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası üçün planlar qurmalıdır”.

APA-nın məlumatına görə, bu sözləri Bakı V Humanitar Forumu çərçivəsində təhsil naziri Mikayıl Cabbarovun moderatorluğu ilə keçirilən panel müzakirəsi zamanı BMT baş katibinin köməkçisi Rəşid Xalikov “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda çıxışı zamanı deyib.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda çıxış edib. O bildirib ki, dünyada liderlik böhranı, etnik və millətlərarası münaqişələr özünü büruzə verir: “Belə olan halda nikbinlik üçün əsaslar azalır. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bakı çoxmillətli paytaxt şəhər olub. Burada müxtəlif millətlərə, dinlərə aid insanlar sülh şəraitində yaşayıb və yaşayır. Bu sahədə informasiyanın oynadığı rol vacibdir. İnformasiya əsri artıq ötən əsrdən başlayıb. İnformasiya texnologiyalarına gəldikdə, onlar bizim cəmiyyətimizlə ağır zarafatlar edir. Biz hələ qavramamışıq ki, İT nə dərəcədə təhlükəli rol oynaya bilər. Sosial şəbəkələrdə çox ciddi təhlükə də var. Biz nəzarət edilməyən, anonim, məsuliyyətsiz informasiyanın təsirinə düşmə hallarını müşahidə edirik”.

ABŞ-ın İllinoys Universitetinin professoru Mark Rozenbalt “Molekulyar biologiya, biofizika, biotexnologiya müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” adlı müzakirədə çıxışı zamanı qeyd edib ki, bir çox problemlərin həllində elmi texnologiyaların inkişafı çox vacibdir.

Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, V. A. Kotelnikov adına Radiotexnika və Elektronika İnstitutunun laboratoriya rəhbəri Aleksandr Buqayev “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusunda çıxışı zamanı deyib ki, radioaktiv materialların işlənməsi ilə bağlı ciddi təhlükələr var və radikal qüvvələr bundan istifadə edə bilər.

Panel müzakirəsinə çıxarılmış mövzular sabah çıxışçıların moderatorluğu ilə xüsusi panellərdə müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR