Əliməmməd Nuriyev: “QHT-nin vergi borcları dayandırılması barədə qərar qəbul edildi” - MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “QHT-nin vergi borcları dayandırılması barədə qərar qəbul edildi” - <span style="color: red;">MÜSAHİBƏ
# 29 aprel 2016 09:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyevin APA-ya müsahibəsi.

- QHT sektoru əsasən, hansı problemlərlə üzləşir?

- Son illər vətəndaş cəmiyyətində bəzi problemlər yaranmışdı. QHT-in fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması istiqamətində QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklərə dair bəzi prosedurlar daha da sərtləşdirilib və daha detallı olub. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır, çünki vətəndaş cəmiyyəti buna tam hazır deyildi. Bu dəyişikliklər həm də bir sıra hallarda ayrı-ayrı koalisiyalara da müəyyən qədər təsir göstərmişdi. Xüsusən 2014-2015-ci illər Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası üçün mürəkkəb dövr olub. Bu dövrdə Koalisiya və Koalisiyaya daxil olan təşkilatların müəyyən problemləri vardıi. Bu çətinliklərin aradan qaldırılması ilə bağlı çox işlər görülüb. Proses həm də davamlı xarakter alır. Söhbət tək konkret problemlərdən getmir, həm də institusional çətinliklər var, bu istiqamətdə də dərin dəyişikliklər hazırlanır.

“Bəzi QHT-ni vətəndaş cəmiyyətinin problemlərinin həlli ilə bağlı atılan addımlar narahat edir”

- Koalisiya hazırda tədbirlərini keçirmək sahəsində çətinliklərlə üzləşirmi?

- Hazırda Koalisiyanın regionlarda, bütövlükdə ölkə ərazisində tədbir keçirməsi ilə bağlı hər hansı problemi yoxdur. Koalisiyanın mətbuatda çoxlu sayda məlumatı işıq üzü görür, çoxsaylı üzvünün müsahibə və açıqlamaları dərc olunur, sosial şəbəkələrdə çıxış edir. Koalisiyada işgüzar mühit yaradılıb, əvvəlki dedi-qodular, qarşıdurma tendensiyalarına son qoyulub. Hazırda Koalisiyanın hüquqi şəxsə çevrilməsi məsələsi ilə əlaqədar yeni Nizamnamə layihə hazırlanıb, aprelin 30-da keçiriləcək Ümumi Yığıncaqda müzakirəyə çıxarılacaq. Ümumi Yığıncağında Dövlət Neft Fondunun rəhbərliyi, xarici ölkələrin səfirləri, Avropa İttifaqının Bakı ofisinin, Dünya Bankının nümayəndələri, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (EİTİ) Beynəlxalq Katibliyinin təmsilçisi iştirak edəcək. Neft Fondunun prezidenti Şahmar Mövsümov, ABŞ səfiri Robert Sekuta tədbirdə çıxış edəcəklər.

Koalisiya üzvlərinin hamısının hesablarından da həbslər götürülüb. Koalisiya üzvlərinin, eləcə də vətəndaş cəmiyyətinin digər qurumları ilə bağlı hər hansı prokurorluq və vergi yoxlamaları yoxdur. Koalisiyanın yalnız bir üzvünə ölkədə olmadığı zaman başlayıb. Ötən il oktyabrın 20-də həmin cinayət işi də dayandırılıb. Koalisiya üzvləri ölkəyə çıxış və giriş zamanı sərhəd yoxlamalarına məruz qalırdılar, bu yoxlamalar da tamamilə aradan qaldırılıb. Bəzən spekulyasiya olunurdu ki, Koalisiya üzvlərinə qarşı çoxsaylı cinayət işi var. Bunların hamısının yanlış olduğu üzə çıxdı. Artıq Ədliyyə Nazirliyi Koalisiya üzvlərinin 20-ə qədər qrant müqavilələrinə bildiriş verib. Koalisiya üzvlərinin 8-in hesabından həbs götürülüb. Ümumilikdə, Azərbaycanda 12 QHT-nin hesabı üzərindəki həbs ləğv olunub. Həmin QHT-dən beşinin sədrinin şəxsi hesablarına da həbs qoyulmuşdu, şəxsi hesablar üzərindən də həbs götürülüb. Hətta bəzi QHT rəhbərləri məhdud məsuliyyətli cəmiyyətlər yaratmışdılar, onların da hesablarının üzərindən həbs götürülüb.

"Azərbaycanda 12 QHT-nin hesabı üzərindəki həbs ləğv olunub"

- Bu gün konkret hansı sayda QHT Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyi üçün qrant müqaviləsi ilə bağlı hesabına köçürülmüş vəsaiti götürə bilmir? Həmin vəsaitlərin ümumi həcmi nə qədərdir?

- Qanunvericiliyə edilən dəyişiklikdən sonra vəsait tranzit hesablara daxil olur, dərhal hesaba oturdulmur. Qanunvericiliyin tələblərinə görə, qrant müqaviləsi qeydiyyatdan keçdikdən sonra müqavilə ilə bağlı daxil olan vəsaitlər üzərində sərəncam vermək hüququ yaranır. Yəni QHT Ədliyyə Nazirliyindən alınmış bildirişi banka təqdim etməlidir. Bank bundan sonra vəsaitlə bağlı əməliyyatların keçirilməsinə etiraz etmir. Onu bilirəm ki, 2013-2014-cü illər üzrə üst-üstə bildiriş verilən qrant müqavilələri ilə bağlı vəsaitin ümumi həcmi 1 milyon dollara qədərdir. Amma tutaq ki, bir təşkilat var, hesabında 5 min dollar var. Qrant daha böyük məbləğ olub, sadəcə, qrantın bir hissəsini müqavilə üzrə tədbirlərin icrasına xərcləyib, sonra qanunvericilikdə edilən dəyişiklik və yoxlamalardan sonra proses dayanıb, hesabında 5 min dollar vəsait qalıb. Elə təşkilatlar var ki, hesablarında qrant vəsaitləri daha çoxdur, hesablarında 10 min, 20 min dollar qrant vəsaitləri olan təşkilatlar da var. Ola bilsin ki, hesablarda üst-üstə 100 min civarında qrant vəsaiti var. Eyni zamanda bəzi QHT-lər qeydiyyat üçün qrant müqaviləsi təqdim etməsinə baxmayaraq, onların hesabına hələ vəsait daxil olmayıb. Ola bilər ki, qrant müqaviləsində məbləğ göstərilib, amma hesablarına hələ vəsait daxil olmayıb. Çünki donor özü də bildirib ki, yalnız bildiriş alandan sonra hesaba vəsait köçürülsün. Qrant müqaviləsi üzrə bəzi QHT-nin hesablarına köçürülmüş vəsaitlərin donorlar tərəfindən geri qaytarılması halları da var. Bəzi qrant müqavilələri də var ki, donor artıq o müqaviləni ləğv edib. Bəzi QHT müraciət edir ki, hesablarında qrant müqaviləsi üzrə vəsait var, sonra məlum olur ki, vəsait yoxdur. Bəziləri də hesablarında konkret nə qədər vəsait olmasından məlumatsızdır.

"2013-2014-cü illər üzrə üst-üstə bildiriş verilən qrant müqavilələri ilə bağlı vəsaitin ümumi həcmi 1 milyon dollara qədərdir"

Bu baxımdan həmin vəsaitlərlə bağlı konkret rəqəm söyləmək çətindir, bu, qeyri-dəqiqlik olar. QHT-nin əksəriyyətinin bu sahədə problemləri həll olunub. Bəzilərinin köhnə qrantlardan, əvvəlki illərdən vəsaitləri qalıb. Ona görə də hər bir hala fərdi yanaşmaq lazımdır. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanında Hüquq və monitorinq komissiyası hər kəsə müraciət edib və bir daha müraciət edir ki, bununla bağlı məlumatları təqdim etsinlər. Biz həmin məlumatları ümumiləşdiririk və müvafiq strukturlarla bu istiqamətdə müzakirələr aparılır. Biz bu işlə məşğuluq və vətəndaş cəmiyyəti nümayəndələri bizə dəstək versələr, mənzərəni daha dəqiq müəyyənləşdirmək olar.

- QHT-nin vergi borcları sahəsində durum necədir?

- Koalisiya üzvlərinin vergi borcları dayandırılıb. Doğrudur, vergi ilə bağlı sistemdə bəzən vergi borclarının artdığı görünür. Qanun əsasən və proqram təminatı ilə bağlı vergi borcu ödənməyəndə, onun üzərinə əlavə faizlər gələ bilir. QHT-nin birindən bununla bağlı bizə sənəd daxil olub ki, hesabından vəsait vergi tutmaya yönəldilib. Hazırda bu məsələnin araşdırılması prosesi gedir. Güman edirəm ki, burada hansısa anlaşmazlıq baş verib. Hazırda bu məsələni ciddi şəkildə müzakirə edirik, məsələyə tam aydınlıq gətiriləcək.

"Vergi borcu olan şəxslərin heç birinə ölkədən çıxmaqla bağlı qadağa qoyulmayıb"

QHT-nin vergi borcları ilə bağlı bir məqamı da qeyd edim. Vergi borclarının formal olaraq, artması görünür. Faktiki olaraq, şəxsin vergi borcu varsa, ölkədən çıxışına məhdudiyyətlər qoyulmalıdır. Lakin vergi borcu olan şəxslərin heç birinə ölkədən çıxmaqla bağlı qadağa qoyulmayıb. Eyni zamanda QHT-nin vergi borcu varsa, həmin vergi borcu hesabında olan vəsaitə yönəldilməli idi. Bir nəfər istisna olmaqla, belə hal baş verməyib. Hətta hesablarında vəsait olmasa, vergi borcu əmlaklarına yönəldilməli idi. Amma bu gün də heç kəsin vergi borcuna görə əmlakına həbslər yönəldilməyib. Bu, praktiki olaraq vergi borclarından imtinadır, vergi borclarının olmaması deməkdir. Amma hər halda müəyyən hüquqi proseduralar var və o proseduralar keçilməlidir.

Onu da deyim ki, bir QHT vergi borcu ilə bağlı məhkəmə proseduruna başlayıb. İnzibati-iqtisad məhkəmələrində bununla bağlı iddia rədd edilib, apelyasiya şikayəti də rədd edilib. Həmin QHT ola bilər ki, kasasiya qaydasında da şikayət versin. Məhkəməyə müraciət etdiyi üçün qanuna əsasən, məsələyə digər qaydada müdaxilə etmək olmaz. Güman edirəm ki, vergi borcları ilə bağlı məsələlər də həllini tapacaq.

- Belə başa düşmək olar ki, Vergilər Nazirliyi ilə birlikdə QHT-nin vergi borcları ilə bağlı bir çıxış yolu tapmaq istəyirsiniz?

- Vergi borclarının tətbiqi ilə bağlı daxil olan məlumatlara görə, vergi orqanları yoxlamalar aparıb və nəticədə bəzi QHT tərəfindən vergi ödənilməməsi hallarını aşkarlayıb. Bununla bağlı rəyləri də var, hər halda onlar bizə belə bildiriblər. Bu məsələlərlə bağlı müzakirə apardıq və QHT ilə bağlı vergi borcların dayandırılması barədə qərar qəbul edildi. Sonrakı mərhələdə vergi borclarının ləğvi məsələsinə də yəqin ki, tam aydınlıq gətiriləcək. Amma indiki halda vergi borclarının dayandırılması və vergi borcları ilə bağlı hər hansı aktiv hərəkətlərin edilməməsi elə vergi borclarının ləğvinə bərabərdir. Çünki vergi borcu ilə bağlı hər hansı tutmalar yönəldilmir. Halbuki qanunvericiliyə görə vergi borcu varsa, həmin borc hüquqi və fiziki şəxslərin hesabına, əmlakına yönəldilməli, ölkədən çıxmalarına qadağa qoyulmalıdır. Amma biz vergi borcu olan hər hansı QHT təmsilçisinin ölkədən çıxmasına qadağanın olduğunu, vergi borcunun əmlaklarına yönəlməsini də görmürük. Öncə də qeyd etdiyim kimi, yalnız Azad İqtisadiyyata Yardım İctimai Birliyinin hesabından vergi borcu tutulma halı aşkarlanıb, biz hazırda bu məsələni aydınlaşdırırıq. Burada bir anlaşılmazlıq var və buna son qoyulacaq.

Vergi, vergi ödəməmək tamam başqa bir məsələdir. Dünyanın hər hansı yerində hər hansı təşkilat vergidən yayınırsa, vergi ödəmələrini gecikdirirsə, bu, birmənalı olaraq vergi orqanının xeyrinə həll olunur. Ancaq biz hesab edirik ki, ola bilər ki, hansısa hesablamalarda bəzi qanunvericilik aktları, bəzi beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmayıb. Çünki bəzi donorlar qrant verərkən əlavə dəyər vergisinə cəlb olunmur, bununla bağlı dövlətlər arasında ikitərəfli sazişlər var. O baxımdan düşünürəm ki, vergi borcları ilə bağlı məsələlərə aydınlıq gələcək. O da ola bilər ki, hansısa maliyyə hesabat sənədlərində qeyri-dəqiqlik olub ki, belə məsələ ortaya çıxıb. Mən güman etmirəm ki, bizim QHT-nin vergi borcları olsun. Amma vergi orqanı belə iddiadadır və düşünürəm ki, bu məsələyə tezliklə aydınlıq gələcək. Əsas isə odur ki, hazırda vergi borcları ilə bağlı aktiv hərəkətlər, sanksiyalar tətbiq olunmur.

Bu gün Koalisiyaya daxil olan təşkilatlar, o cümlədən digər QHT-nin problemlərinin, bəzi narahatlıqlarının aradan qaldırılması ilə bağlı mütəmadi müzakirələr aparılır. Ümumilikdə isə Koalisiyanın problemləri əsasən həll olunub, sadəcə, bir neçə məsələ ilə bağlı əlavə araşdırma gedir. Ümumən vətəndaş cəmiyyətinə gəlincə, bir çoxlarının qrant müqavilələrinin qeydə alınması ilə bağlı iş gedir. Eyni zamanda ümumilikdə 4 təşkilatın hesabı üzərində həbs qalıb, onlardan ikisi barədə bizə məlumat daxil olub. Eyni zamanda bəzi QHT-nin qrant müqavilələrinin qeydə alınması ilə bağlı da həmin QHT-yə təklif olunub ki, sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etsin. Bu istiqamətdə də qanunvericiliyə uyğun qərarlar qəbul ediləcək. QHT Şurasında vətəndaş cəmiyyəti nümayəndələri ilə ardıcıl müzakirələr aparılır, ayrı-ayrı işçi qrupları yaradılır, sektoral tədbirlər həyata keçirilir. Məsələn, bir müddət əvvəl dövlət başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışından sonra QHT Şurası yanında iqtisadi, sosial və vətəndaş iştirakının artırılması, ictimai əlaqələrin genişləndirilməsi ilə bağlı 3 komissiya yaradıldı. Həm də bu gün QHT Şurası tərəfindən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı Milli Hesabat hazırlanır və prosesə müstəqil, peşəkar və nüfuz sahibi olan, real işlər görən QHT rəhbərləri cəlb olunub.

Amma bəzən donorlarla bağlı mürəkkəb məsələlərin olduğu barədə fikirlər səslənir. Bu proseduraların sadələşdirilməsi barədə təkliflər hazırlanır.

- Donorların fəaliyyəti nə dərəcədə şəffafdır?

- Bir məsələni bu aspektdə xüsusi qeyd etmək istəyirəm. Beynəlxalq donorlar, QHT tərəfindən 2011-2015-ci illərdə beynəlxalq donorlar tərəfindən 2 milyon dollar vəsait qrantlara ayrılıb. Amma bu vəsait hansı formada, hansı QHT-yə verilib, hansı tədbirlər həyata keçirilib, məlum deyil. Çünki donorlar həmin qrantları kimə vermələri barədə məlumatı qapalı saxlayırlar. Həmin 2 milyon dolların 974 min dollarının ABŞ-ın Demokratiyaya Milli Dəstək Fond (NED) tərəfindən Azərbaycan üzrə QHT-nin layihələrinin maliyyələşdirilməsinə ayrıldığı məlumdur, saytlarında bu barədə ümumi məlumat var. Lakin Azərbaycanda hansı QHT-yə bu vəsaitin ayrıldığı, hansı layihələrin həyata keçirildiyi barədə aydın bir məlumat yoxdur. Hansısa beynəlxalq təşkilatlar da Azərbaycandan kənarda Azərbaycana yönəlik layihələr həyata keçirə bilərlər, bu da istisna deyil. Yaxşı olar ki, belə vəsaitlərin gün işığı salınması üçün qanunvericilikdə proseduraların sadələşdirilməsi baş versin, bu proseslər ölkə üçün daha leqal forma alsın.

"Bəzi QHT qeyri-leqal şəkildə işləməyi daha çox xoşlayır"

Bəzi hallarda bəzi QHT nümayəndələri vətəndaş cəmiyyəti ilə bağlı xoşməramlı addımlar və proqressiv hallardan həddən ziyadə narahat olurlar. Çünki həmin QHT qeyri-leqal şəkildə işləməyi daha çox xoşlayır. Həmin QHT bəzi beynəlxalq tərəfdaşları ilə birgə layihələr həyata keçirir, bununla bağlı da hər hansı hesabat yoxdur. Yəni onların hesabatları gizli hesabatlar silsiləsinə daxildir.

Qanunvericiliyə dəyişikliklərin edilməsi, prosedurların sadələşdirilməsi bu proseslərin də leqallaşdırılmasına, həmin QHT-nin bəhanələrinə tamamilə son qoyulmasına gətirib çıxaracaq. Bununla belə, o tendensiya da var ki, bəzi QHT-ni vətəndaş cəmiyyətinin problemlərinin həlli ilə bağlı atılan addımlar narahat edir. Bəzi QHT hər zaman istəyir ki, qarşıdurma olsun və bu qarşıdurmada onlar öz niyyətlərini həyata keçirsin. Amma proses geri dönməzdir, bu gün islahatlar bütün sahələri əhatə edir. O cümlədən vətəndaş cəmiyyəti ilə bağlı islahatlar daha dərinləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR