Aİ nümayəndəliyi Bakıda uşaqlar üçün rəsm müsabiqəsi elan edib

Aİ nümayəndəliyi Bakıda uşaqlar üçün rəsm müsabiqəsi elan edib
# 20 may 2016 10:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi uşaqlar üçün rəsm müsabiqəsi elan edib.

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, “Ətrafını kəşf et” adlı uşaq müsabiqəsində məqsəd rəsmlərlə Azərbaycanda uşaqların ətrafı neçə qavradıqlarını, nələrdən zövq alıb, nədən narahat olduqlarını göstərməkdir.

Müsabiqə ilə bağlı fikrilərini bölüşən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanın çox zəngin mədəni irsə malik olduğunu deyib: “Bu kimi müsabiqələr ətrafımızı kəşf etməyə və onu daha yaxşı anlamağa kömək edir. Müsabiqə Azərbaycanda gənc nəslin incəsənət vasitəsilə özünü ifadə edib, ünsiyyət qurmağa həvəsləndirilməsinə yardım edir. İnanırıq ki, incəsənət və mədəniyyət insanları birləşdirərək, onların ətrafı daha yaxşı başa düşüb qiymətləndirə bilməsinə yardım edə bilər”.

Müsabiqədə iştirak etmək üçün 21 may (14.00-17.00) və 22 may (10.00-14.00) tarixlərində 5 yaşdan 15 yaşa qədər uşaqlar Kapellhausa (Ünvan: Kirxa, 28 May küç. 35) yaxınlaşıb, verilən mövzuda şəkil çəkməlidirlər. Bütün lazımi ləvazimatlar Aİ Nümayəndəliyi tərəfindən təqdim olunacaq.

Seçim münsiflər heyəti tərəfindən iki yaş kateqoriyası üzrə (5-9 və 10-15) aparılacaq. I və II yerin qalibləri planşet, III yerin qalibi isə kinoteatra 50 manatlıq üzvlük kartı qazanacaq. Avropa İttifaqı nümayəndəliyi bütün iştirakçılara hədiyyə verəcək. Qaliblər 25 may tarixində Aİ-nın Azərbaycandakı səfiri tərəfindən mükafatlandırılacaq.

Rəsm Müsabiqəsi Kapellhausda təşkil olunacaq “Mən öz adımdan danışa bilmirəm. Sən mənim səsimsən. Bakının küçə heyvanları” adlı xeyriyyə tədbirlərinin bir hissəsi olaraq Avropa İttifaqı nümayəndəliyi tərəfindən maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR