Rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənnindən imtahan verəcək

Rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənnindən imtahan verəcək
# 26 aprel 2016 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumilikdə 20 mərkəzdə təşkil olunacaq imtahan saat 13:00-da başlanır və 45 dəqiqə ərzində aparılır. İmtahanda iştirak etmək üçün abituriyentlər TQDK-nın internet saytına (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada abituriyentin imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda iştirak etmək üçün 8109 abituriyent qeydiyyatdan keçib. Bakıda 5355 , Naxçıvanda 26 , Gəncədə 855, Sumqayıtda 527, Şəkidə 347, Ağcabədidə 107, Göyçayda 208, Şirvanda 156, Lənkəranda 133, Xaçmazda 395 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 56 imtahan rəhbəri, 667 nəzarətçi müəllim ayrılıb.

Qeyd edək ki, mayın 1-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il iyulun 12-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR