Azərbaycan idmançısı Qəbələdə keçirilən beynəlxalq yarışda medal qazanıb

Azərbaycan idmançısı Qəbələdə keçirilən beynəlxalq yarışda medal qazanıb
# 12 may 2016 15:13 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-Pri yarışları davam edir. APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən beynəlxalq yarışda qadınlar arasında atıcılığın dairəvi stend növü üzrə yarışlar başa çatıb. Mayın 12-də keçirilən final yarışında Rusiya idmançıları Nadejda Konovalova qızıl, Azərbaycan təmsilçisi, “Qəbələ” atıcılıq klubunun idmançısı Nurlana Cəfərova gümüş, Rusiya təmsilçisi Anastasiya Kraxmaleva bürünc medal qazanıb.

İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Ülviyyə Hacıyeva, federasiyanın baş katibi, ölkə çempionu Emin Cəfərov təqdim edib. Mayın 13-də isə kişilər arasında atıcılığın dairəvi stend növü üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR