Hicran Hüseynova: “Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb”

Hicran Hüseynova: “Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb”
# 12 may 2016 09:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan ailələri möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçilib. Lakin müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Son illər ailələr bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ailə üzvlərinin bir-birindən təcrid olunması və uzaqlaşması, boşanmaların sayının artması, nikah olmadan birgə yaşama və nikahdan kənar doğum adi hala çevrilib: “Boşanandan sonra qadın və uşaqların qarşılaşdıqları problemlər isə xoşagəlməz halların yaranmasına gətirib çıxarır. Boşanan qadınlar yaşayış yeri və mülkiyyət hüququndan məhrum olur. Uşaqlar üçün nəzərdə tutulmuş aliment ödənilmir”.

Dövlət Komitəsinin sədri əlavə edib ki, bütün bu məsələlərin həll olunması üçün yeni sənədlərin hazırlanmasına, maarifləndirici tədbirlərin daha geniş şəkildə həyata keçirilməsinə ehtiyac var.

Hicran Hüseynova son statistik hesablamalara görə hazırda Azərbaycanda 2 milyon 62 min 30 ailə olduğunu açıqlayıb.

Dövlət Komitəsinin sədri onu da qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır: “Bu sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR