ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclası keçirilib

ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı məhkəmə iclası keçirilib
# 02 sentyabr 2016 14:54 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “ANS ÇM Yayım və Media” Şirkətinin vəkili Rafiq Mustafayev bildirib ki, MTRŞ-ın qərarları nəticəsində şirkətə külli miqdarda maddi ziyan dəyib və işçilərə maaş vermək mümkün olmayıb.

Vəkil əlavə edib ki, maddi ziyanın həcmi hər gün artır: “Buna görə də biz sizə müraciət edirik ki, radionun fəaliyyətinin dərhal bərpa edilməsi haqda cavabdehin üzərinə vəzifə qoyasınız”.

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov vəsatətin əsassız olduğunu və təmin edilməməsini istəyib.

Hakim vəsatətə növbəti mərhələdə baxılacağını deyib.

ANS-in vəkili ANS Şirkətlər Qrupunun 3-cü tərəf kimi işə cəlb olunması barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin etməyib.


Vəkil Rafiq Mustafayev hakimə vəsatətləri təmin etmədiyi üçün etiraz edib və etiraz məktubunun hazırlanması üçün məhkəmədən vaxt istəyib.

Fasilə elan edilib. Fasilədən sonra hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib. Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

“ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR