Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə davam etdirilib

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə davam etdirilib
# 10 iyun 2016 11:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin barələrində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Şəmsəddin Quliyev vəsatətlə çıxış edib. Bildirib ki, cinayət işinin materiallarında qanunsuzluqlar var. O, rentgen müayinənin nəticələrinin iş materiallarında olmadığını bildirib və həmin sənədin məhkəməyə təqdim edilməsini istəyib. Zərərçəkmiş tərəfin nümayəndəsi Fariz Namazlı və R. Əliyevin anası Teyfurə Əliyeva da vəsatətin təmin edilməsini istəyib. Hakim qərar vermək üçün vaxta ehtiyac olduğunu deyib.

Buna görə də prosesdə iyunun 17-dək fasilə elan edilib.

Jurnalist Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Səbail rayon Məhkəməsinin mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR