Putin: "Türkiyənin vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilməməsi qeyri-mümkündür"

Putin: "Türkiyənin vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilməməsi qeyri-mümkündür"
# 26 noyabr 2015 21:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Hərbi Kosmik Qüvvələrinin əməliyyatları İŞİD-in infrastrukturuna və terroçuların maliyyə bazasına ciddi ziyan vurub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Terrorçuların idarəetmə sistemi, hərbi infrastrukturuna və maliyyə bazasına ciddi ziyan vurulub. İlk növbədə terrorçulara böyük gəlir gətirən neft qaçaqmalçılığını nəzərdə tuturam", - deyə Vladimir Putin qeyd edib.

Rusiya prezidenti Suriyada Xmeyim hərbi bazasında yerləşdirilən S -400 zenit raket kompleksinin terrorçulara qarşı birgə mübarizə aparan tərəfdaşlarına qarşı yönəlmədiyini söyləyib: "Bu günə kimi Hava Hücumundan Müdafiə sisteminin Suriyada yerləşdirməməyimizin səbəbi o idi ki, biz terrorçularda zenit raket kompleksinin olmadığına əmin idik. Bildiyiniz kimi biz Suriyada yalnız hava əməliyyatları həyata keçiririk. Əməliyyatlar 6 min metr yüksəklikdən həyata keçirilir, terrorçuların bu yüksəklikdə uçan təyyarəni vurmaq imkanı yoxdur. Ağlımıza belə gəlmirdi ki, dost ölkə saydığımız bir ölkədən belə zərbə alacağıq, təyyarəmiz vurulacaq. Belə qərara gəldik ki, S 400-ü Suriyada yerləşdirək. Biz hərbi aviasiyamızın təhlükəsizliyini təmin etməliyik".

Vladimir Putin Türkiyə prezidenti Ərdoğanın "Rusiya təyyarəsi olduğunu bilmirdik, bilsəydik başqa cür addım atardıq" bəyanatını da şərh edib. Türkiyənin vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilməməsi qeyri-mümkündür: "Bu ola bilməz. Çünki təyyarələrin üzərində Rusiyaya məxsus olduğunu bildirən fərqləndirici nişanlar var və bu nişanlar yaxşı görünür. Ona görə də bu, mümkün deyil".

"İkincisi, mən artıq demişəm, bir daha demək istəyirəm. Biz əvvəlcədən ABŞ tərəfi ilə razılığa əsasən bizim aviasiyanın harada, nə vaxt əməliyyat keçirəcəyi barədə məlumatları onlara vermişdik. Türkiyə də koalisiyanın həqiqi üzvüdür və bilməli idi ki, orada məhz Rusiya aviasiyası işləyir. Əgər bilsəydilər ki, ABŞ təyyarəsidir, vuracaqdılar onu? Boş söhbətlərdi bunlar. Bu bəhanədir. Çox təəssüf ki, bu hadisənin bir daha təkrar olunmaması barədə məsələ ilə ciddi məşğul olmaqdansa, biz elə anlaşılmaz izahatlar eşidirik, hətta üzrxahlıq belə istəmirlər. Ona görə də bu bizim seçim deyil, Türkiyə tərəfinin seçimidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR