"Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya verilməsi prosesi 10 günə başa çata bilər

"Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya verilməsi prosesi 10 günə başa çata bilər
# 03 fevral 2016 09:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə kompensasiya verilməsi prosesi 10 günə tamamlana bilər". "APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, hər gün 150-200 əmanətçiyə kompensasiya verilir: "4 gün ərzində bu bankın əmanətçilərinə 9 milyon manatdan çox kompensasiya verilib. İşlər bu templə getsə, 10 gün ərzində kompensasiya verilməsi prosesi yekunlaşa bilər".

Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC və “Rabitə Bank” ASC seçilib.

Xatırladaq ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR