Azərbaycan şirkəti Rusiyaya quru süd ixracına başlayıb

<b>Azərbaycan şirkəti Rusiyaya quru süd ixracına başlayıb</b>
# 04 aprel 2016 09:00 (UTC +04:00)

Səba şirkəti Rusiyaya quru süd ixracı ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən, məhsulun ilk partiyası artıq maşınlara yüklənib yola salınıb. Bu barədə şirkətin media ilə əlaqələr bölməsindən bildiriblər.

“Hadisənin əhəmiyyətli cəhəti odur ki, indiyədək Azərbaycana Rusiyadan süd məhsulları, Ukrayna və Belorusiyadan isə quru süd idxal edilirdi. Lakin Səba-nın yeni ixrac müqaviləsi Azərbaycan şirkətinin bu prosesi əksinə çevirdiyini göstərir. Bizim istehsal etdiyimiz quru süd xarici bazarlar, hətta Rusiya kimi iri süd istehsalçısı olan ölkə üçün də maraqlıdır” – Səba-dan belə əlavə ediblər.

Səba-nın quru süd məhsulunu şirkətin törəmə müəssisəsi Biləsuvar Aqro MMC istehsal edir. Azərbaycanın dövlət başçısının xeyir-duası ilə 2008-ci ildə fəaliyyətə başlamış müəssisənin günlük süd emalı gücü 200 tondur. Müəssisə südü Ağdaş, Bərdə və ölkənin başqa rayonlarında yerləşən fermalardan tədarük edir. Səba şirkətinin süd emalı müəssisəsi ildə 7000 ton quru süd ixrac etmək gücünə malikdir. Bu isə kəndli və fermerlərdən 80 mln ton süd tədarükü deməkdir. Qeyd olunan həcmdə südlə müəssisə, eyni zamanda, ölkəyə idxalı yerli məhsulun xeyirinə dəyişən 3000 ton kərə yağı istehsalı gücündədir.

Biləsuvar Aqro MMC-nin ilkin məqsədi kərə yağı və quru süd istehsalı olsa da, ötən illərdə Azərbaycan manatının gücü və dünya bazarında quru südün qiyməti bu məhsulun ixrac qabiliyyətini aşağı edirdi. Lakin hazırda manatın məzənnəsinin dollara nisbətdə dəyişməsi, eləcə də ölkədə gedən islahatlar, qanunvericilikdə ixracı stimullaşdıran yeniliklər, icra mexanizminin çevikləşdirilməsi Azərbaycan kəndlisindən tədarüklə əldə edilən quru süd məhsulunu xarici bazarlara çıxarmağa imkan yaradıb. İlk addım kimi Səba-nın istehsal etdiyi bu Azərbaycan məhsulu Rusiyanı maraqlandırıb. Qeyd edək ki, Səba quru südü 2 çeşiddə - yağsız və 25% yağlı buraxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR