Azərbaycanda investisiya təşviqi sənədi əsasında vergi güzəştləri 5 regional bölgü prinsipi üzrə tətbiq ediləcək

Azərbaycanda investisiya təşviqi sənədi əsasında vergi güzəştləri 5 regional bölgü prinsipi üzrə tətbiq ediləcək
# 20 aprel 2016 21:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi üçün investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri 5 region üzrə qruplaşdırılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında 20 aprel 2016-cı il tarixli fərmanında əksini tapıb.

Birinci regiona Bakı şəhəri (Bakıətrafı qəsəbələr istisna olmaqla), ikinci regiona Bakıətrafı qəsəbələr və Abşeron rayonu, üçüncü regiona Sumqayıt şəhəri, Gəncə şəhəri, dördüncü regiona 1, 2, 3 və 5-ci regionlara aid edilməyən şəhər və rayonlar, beşinci regiona Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonları daxil edilib.

Sahibkarlara investisiya təşviqi sənədinin verilməsi üçün birinci regiondan beşinci regiona doğru iqtisadi fəaliyyət sahələri üzrə tələb olunan investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ azalır. Məsələn, Bakıda (birinci region) elektrik avadanlığının istehsalı ilə əlaqədar investisiya təşviqi sənədinin alınması üçün minimum 5 milyon, Bakıətrafı qəsəbələr və Abşeron rayonunda minimum 3 milyon manat investisiyanın qoyulması tələb edilirsə, Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Naftalan, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən, Qusar rayonlarında (beşinci regmon) bununla bağlı minimum tələb 500 min manat həcmindədir. Yaxud Bakıda geyim istehsalı ilə əlaqədar investisiya təşviqi sənədinin alınması üçün minimum 5 milyon manat sərmayə qoyulması lazımdırsa, beşinci regiona daxil olan rayonlarda 200 min manat investisiya qoyulması yetərlidir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən 7 il müddətində əldə etdiyi gəlirin, eləcə də mənfəətin 50 faizi həcmində vergi güzəşti əldə edir. Bundan başqa, qanuna edilmiş əlavələrə əsasən, investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı əlavə dəyər vergisindən (ƏDV) azaddır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR