Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edib

Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edib
# 18 may 2016 11:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi “Ən yaxşı sayt” və “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyaları üzrə müsabiqə elan edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqə nazirliyin strukturunda olan müəssisələrin rəsmi internet resurslarının təhlilinin aparılmasına, bu sahəyə diqqətin daha da artırılmasına, regionlarda elektron vəsaitlərdən istifadəyə marağın yüksəldilməsinə əlavə stimul verməsi məqsədi daşıyır.

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə bütün göndərilən məlumatlar toplanacaq və iştirakçılar arasından namizədlər təyin olunacaq. İkinci mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunaraq mükafat və diplom ilə təltif ediləcək.

Saytlar dizayn, məzmun və texniki cəhətləri üzrə yoxlanacaq. Sosial şəbəkələr məzmunun (materialların, informasiyanın) doldurulması istiqamətində təhlil olunacaq.

Saytlar və sosial şəbəkələr üzrə pul mükafatları birinci yer üçün 1000, ikinci yer üçün 800, üçüncü yer üçün 500, həvəsləndirici yer üçün isə 300 manat müəyyən olunub.

Ərizələr oktyabrın 31-dək təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR