Gəncədə daşınan seçki qutuları ilə bağlı 74 müraciət daxil olub

Gəncədə daşınan seçki qutuları ilə bağlı 74 müraciət daxil olub
# 01 noyabr 2015 12:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində məntəqə seçki komissiyalarına daşınan qutularla bağlı 74 müraciət daxil olub. Dairə seçki komissiyalarından APA-nın qərb bürosuna verilən məlumata görə, müxtəlif səbəblərdən (sağlamlıq problemi, yaşlı olmaq) seçki məntəqələrinə gedib səs verə bilməyən şəxslər ərizə ilə məntəqəyə müraciət ediblər. Bu gün məntəqə seçki komissiyalarının katibləri, üzvlər müşahidəçilərlə birgə daşınan seçki qutularını ünvanlara apararaq vətəndaşların səsvermə hüquqlarını təmin ediblər.

Gəncədə 37, 38, 39 və 40 saylı dairələrin 113 seçki məntəqə fəaliyyət göstərir. Məlumata görə, şəhərdə 146 min 274 nəfərin adı seçici siyahısına salınıb. Bundan başqa, seçkiyə 5 gün qalmış hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında 6 məntəqə yaradılıb, 5471 nəfər seçici siyahıya salınıb. Gəncədə olan məntəqələrin 40-da “web kamera”lar quraşdırılıb ki, gün ərzində seçki prosesi canlı olaraq internet vasitəsi ilə yayımlanır.

Dairə seçki komissiyalarından verilən məlumata görə, şəhərdə 1642 müşahidəçi qeydiyyata alınıb.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri və MDB PA-nın xətti ilə gələn beynəlxalq müşahidəçilər də Gəncədə seçki prosesini müşahidə edir.

Gəncədə 25 namizəd 4 yer uğrunda mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR