“Qələbə Estafeti” Türkmənistandan Azərbaycana ötürülüb

“Qələbə Estafeti” Türkmənistandan Azərbaycana ötürülüb
# 21 may 2015 08:09 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq “Qələbə Estafeti”nin Türkmənistan nümayəndə heyətindən qəbul olunması ilə əlaqədar iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun məzarının önündə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə Böyük Vətən Müharibəsinin veteranları, sərhədçi veteranlar və xidmətin hərbi qulluqçuları iştirak ediblər.

Tədbir iştirakçıları öncə general-mayor Həzi Aslanovun məzarını ziyarət edərək abidəsinin önünə əklil qoyub, dövlət himni səsləndikdən sonra estafetin qəbul olunmasına həsr edilmiş mitinq keçirilib.

Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov veteranları bayram münasibətilə təbrik edib, faşizm üzərində qələbədən 70 il keçsə də, bu hadisənin tarixin yaddaşından heç zaman silinməyəcəyini bildirib, MDB məkanında keçirilən “Qələbə Estafeti”nin müstəqil respublikalar arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən veteranlar müharibədə göstərdikləri qəhrəmanlıq və şücaətlərdən, hazırda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirak etmələrindən danışıblar.

Tədbirin sonunda “Qələbə Estafeti”nin rəmzi təntənəli şəkildə Türkmənistan nümayəndə heyətindən qəbul olunaraq xüsusi hazırlanmış avtomobildə Dövlət Sərhəd Xidməti Aparatına yola salınıb.

22 may 2015-ci il tarixdə Azərbaycan-Rusiya dövlət sərhədində “Qələbə Estafeti” Rusiya Federasiyasının nümayəndə heyətinə təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR