Nazirlik kənd təsərrüfatı məhsullarının istehsalçılarına 22 mln. manata yaxın yardım edəcək

Nazirlik kənd təsərrüfatı məhsullarının istehsalçılarına 22 mln. manata yaxın yardım edəcək
# 16 mart 2015 15:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İ. Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə görə yardım verilir. Bu məqsədlə 2015-ci ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 58 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası 58 rayon (şəhər) komissiyası üzrə 129 063 istehsalçıya 426 277,44 hektar buğda və çəltik səpininə görə 17 mln. 51 min 97,6 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbəği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Eyni zamanda komissiyanın iclasında güzəştli şərtlərlə verilmiş 10 341 ton gübrənin dəyərinə 4,628 mln. manat vəsaitin ödənilməsi barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR