“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan II rübdə 16 mln. ton neft hasil olunub

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan II rübdə 16 mln. ton neft hasil olunub
# 10 avqust 2015 14:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin I yarısında Azəri Çıraq Günəşli (AÇQ) layihəsinə təqribən 359 mln. dollar əməliyyat məsrəfləri və 949 mln. dollar əsaslı məsrəflər xərclənib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 6 ayında AÇG-də sabit hasilat davam edib. Altı ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (55 000), Mərkəzi Azəri (157 000), Qərbi Azəri (107 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (145 000) və Qərbi Çıraq (106 000) platformalarından birlikdə – gündə orta hesabla 641 000 barel və ya ümumilikdə 116 mln. barel, yəni təqribən 16 mln. ton təşkil edib.

“AÇG-nin illik iş proqramının bir hissəsi olaraq biz may ayında Qərbi Azəri platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirdik. Plana əsasən may ayında Qərbi Azəri platformasından hasilat təxminən 22 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmiş bu işlər tam təhlükəsiz şəkildə başa çatdırıldı”, -deyə məlumatda vurğulanıb.

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 87 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda olub.

2015-ci ilin I yarısında AÇG-də doqquz neft hasilat quyusu və bir suvurma quyusu qazılıb. Birinci yarımillikdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 mln. kubmetr, ümumilkdə isə 2,1 mlrd. kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, Azəri-Çıraq-Günəşli (AÇG) BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR