«EraTrans» sığorta şirkəti «Tibbi sığorta» növü üzrə xidmətlərə başlayıb

«EraTrans» sığorta şirkəti «Tibbi sığorta» növü üzrə xidmətlərə başlayıb
# 05 aprel 2011 13:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «EraTrans» sığorta şirkəti könüllü «Tibbi sığorta» növü üzrə xidmətlərə başlayıb. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Elşən Babayev məlumat verib.

E.Babayevin sözlərinə görə, bu sığorta növü üzrə artıq «Bank Nikoil»un əməkdaşları sığortalanıb: «Bu sığorta növü üzrə şirkətə bir neçə müəssisə və təşkilat tərəfindən müraciətlər olunub, hazırda həmin müraciətlər araşdırılır».

E.Babayev bildirib ki, şirkət bir neçə tibb müəssisəsi, o cümlədən «Türk-American Medical Center», Tusi Klinikası, «MedServise» və Mərkəzi Klinik Xəstəxana ilə müqavilələr bağlayıb. «Tibbi sığorta» növündə paketindən asılı olaraq sığorta məbləği bir nəfər üçün illik 300-700 manat arasında dəyişir. Ən bahalı paketə (700 manat) ambulator xərclər də daxildir.

Qeyd edək ki, hazırda şirkət müştərilərə 20 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Xatırladaq ki, «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalının həcmi 4 mln. manatdır. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR