Gəncədə “Tarixin canlı səhifələri” festivalı keçirilib

Gəncədə “Tarixin canlı səhifələri” festivalı keçirilib
# 21 may 2016 23:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə “Tarixin canlı səhifələri” IV Gənclər festivalı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin “Yeni Qızılca” adlanan ərazisində təşkil edilən festival Gənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Azərbaycan mətbəxi, mədəniyyəti və tarixin müxtəlif zamanlarında yaşayış şəraitinin təsvir olunduğu səhnəciklərlə tanış olublar. 400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cavad xan, Qara Yusif və Cahan Pəhləvan kimi tarixi şəxsiyyətlər canlandırılaraq, onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib. Təxminən iki saat davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb. Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Qeyd edək ki, prezidenti İlham Əliyev tərəfindən Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalanıb. Festival da sərəncamdan irəli gələn vəzifələri icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq keçirilib.

2014-cü ildən keçirilən “Tarixin canlı səhifələri” adlı festival atəşfəşanlıqla sona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR