DGK sədri Aydın Əliyev Seneqalda səfərdədir

DGK sədri Aydın Əliyev Seneqalda səfərdədir
# 20 may 2016 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan və Seneqal gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək məqsədilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 18-19-də bu ölkədə rəsmi səfərdə olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Seneqal Baş Gömrük İdarəsinin dəvəti ilə gerçəkləşən səfərin ilk günü A. Əliyevin Seneqal Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşü keçirilib.

Seneqal Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye Azərbaycan və Seneqal gömrük orqanları arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə göstərilən diqqət və yardımı yüksək qiymətləndirib. Baş direktor Azərbaycan gömrük xidmətinin əldə etdiyi uğurların Seneqal tərəfində maraqla qarşılandığını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

A. Əliyev qeyd edib ki, Seneqal və Azərbaycan dost ölkələrdir, hər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr də formalaşmağa başlayıb. 2014-cü ildə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərini də məmnunluqla xatırlayan komitə sədri gömrük orqanları vasitəsilə yaradılan bu əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə töhfə verdiyini bildirib.

Görüşdə iki ölkənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, həmçinin təlim üsullarının hazırlanması, birgə seminarların təşkili, kinoloji xidmətlər arasında əməkdaşlığın təşviqi, eləcə də gömrük sahəsində innovasiya layihələrinin idarə edilməsi prinsiplərinin öyrənilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Sonra “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Seneqal Respublikası Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş”in imzalanması mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin sədri A. Əliyev və Seneqal Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye imzalayıblar.

Mayın 19-da A. Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Seneqalın İqtisadiyyat, Maliyyə və Planlaşdırma nazirinin büdcə üzrə nazir-deleqatı Birima Mangara arasında görüş olub. Görüşdə Azərbaycan nümayəndə heyətinin Seneqala səfərinin hər iki ölkənin istər gömrük, istərsə də digər sahələrdə qarşılıqlı münasibətlərinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunmuş, eləcə də ticari-iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Seneqal Baş Gömrük İdarəsinin Dakar Gömrük Limanının Skaner Mərkəzinin işi ilə də yaxından tanış olub.

Xatırladaq ki, nümayəndə heyətimizin Seneqala səfəri bu ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR