Bakıda Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası keçirilir

Bakıda Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası keçirilir
# 13 may 2016 15:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Mayın 13-də Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası və Nazirliyin İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş tədbir öz işinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Koordinasiya Şurasının sədri, general-mayor Vladimir Timoşin iclası giriş özü ilə açaraq respublikamızın möhtəşəm idman oyunlarına ev sahibliyi etdiyini, mükəmməl idman infrastrukturunun yaradıldığını, bunun nəticəsində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmələrindən məmnunluğunu bildirib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyevin adından salamlayıb. Bakıda keçirilən toplantının idman sahəsində gələcək əməkdaşlığımızın inkişafına yeni imkanlar açması baxımından böyük önəm kəsb etdiyini, ümumən, idmanın multikultural proses olaraq dostluq, həmrəylik, etika, ədalət, qarşılıqlı hörmət kimi bəşəri dəyərlər ilə səsləşdiyini, onları təbliğ etmək fürsəti verən nadir bir qüvvə olduğunu vurğulayıb, idman yarışlarının onu təşkil edən ölkəyə öz tarixini, ənənələrini, ədəbiyyatını, musiqisini nümayiş etdirmək imkanı yaradan və ən başlıcası qlobal sülhə çağırış mahiyyəti daşıyan tədbir olduğunu qeyd edib.

Daxili işlər naziri deyib ki, ötən il ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan idman tarixində yeni maraqlı səhifə açıb: "Bu il Bakıda “Formula-1” Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası, habelə 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir ki, bu da multikulturalizm dəyərlərinin bütün sahələrdə özünü büruzə verdiyini bir daha təsdiq edir".

Daha sonra tədbir iştirakçılarına ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması, torpaqlarımızın 20 faizinin işğal edilməsi, xalqımızın məruz qaldığı soyqırımı, etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə də məlumat verilib.

Çıxışının sonunda daxili işlər naziri Ramil Usubov Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının Bakıda keçirilən iclasının işinə uğurlar arzulayıb.

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin xüsusi qaygısı sayəsində bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, Olimpiya və ötən il Bakıda keçirilmiş I Avropa Oyunlarında idmançılarımızın qazandıqları parlaq qələbələrdə DİN-in İdman Cəmiyyəti yetirmələrinin əhəmiyyətli payı olduğunu, Daxili İşlər Nazirliyi rəhbərliyinin daimi diqqəti nəticəsində sözügedən qurumun nümayəndələrinin beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiklərini məmnunluqla vurğulayıb.

Sonda Azərbaycanda "Dinamo" hərəkatının 90 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

İki gün davam edəcək tədbirdə Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Rumıniya, Tacikistan, Ukrayna dövlətlərinin müvafiq qurumlarının rəhbərləri, eyni zamanda, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin təmsilçiləri, idman veteranları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR