Bakı-2015: Polşalı dağ velosipedçisi beynəlxalq idman elçisi seçilib

Bakı-2015: Polşalı dağ velosipedçisi beynəlxalq idman elçisi seçilib
# 22 aprel 2015 12:34 (UTC +04:00)

Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, polşalı dağ velosipedçisi Maya Vloşçovskanın ilin ən mötəbər tədbirinin beynəlxalq idman elçisi seçilib.

Pekin-2008 Yay Olimpiya Oyunlarında gümüş medalını, 2010-cu ildə dünya çempionu adını qazanan 31 yaşlı idmançının ilk qələbəsi 2003-cü ilə təsadüf edib. Vloşçovskanın aktivində ümumilikdə Avropa çempionatları və mundialın 22 mükafatı var.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Mayanın beynəlxalq idman elçisi kimi Oyunlara cəlb edilməsi yarışın əhəmiyyətinin və bu yay Bakıya gələcək idmançıların səviyyəsinin əyani göstəricisidi: “Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir. İyunda Avropa Oyunlarında onun yarışlarda iştirakını səbirsizliklə gözləyirik.”

Bakı-2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada həyata keçirilən marketinq kampaniyalarında Avropa Oyunlarının təbliğatında iştirak edəcəklər.

Vloşçovskanın sözlərinə görə, Avropa Oyunlarının idman elçisi seçildiyi üçün çox həyəcanlıdı və Bakıda mübarizə aparacağı günü səbirsizliklə gözləyir: “Oyunların və dağ velosiped idmanının Avropada, eləcə də, bütün dünyada nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram”.

Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki də Mayanın Bakı-2015-in elçi proqramı üçün əla seçim olduğunu vurğulayıb: “Onun Oyunları Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm”

Qeyd edək ki, Vloşçovskadan öncə almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunan qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Serbiya 3x3 basketbol komandasından Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç Bakı-2015-in beynəlxalq idman elçisi seçilib. Yaxın gələcəkdə daha bir neçə idmançının da bu proqrama cəlb olunması gözlənilir.

Bakı-2015-in dağ velosipedi üzrə yarışları iyunun 13-ü, şənbə günü, Dağ Velosipedi Parkında baş tutacaq. Biletləri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının 11 əlverişli məkanında quraşdırılmış bilet satış məntəqələrindən və www.baku2015.com/tickets saytından onlayn rejimdə almaq mümkündu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR