Gömrük əməkdaşları və brokerlər üçün təlim kursları keçirilir

Gömrük əməkdaşları və brokerlər üçün təlim kursları keçirilir
# 09 iyun 2015 06:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsində gömrük bəyannamələrinin rəsmiləşdirilməsi ilə məşğul olan gömrük əməkdaşları və gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün təlim kursları öz işinə başlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi, Audit və Risk Analizləri İdarəsi tərəfindən təşkil olunan təlim kurslarında Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Xəzər Dənizində Azərbaycan Respublikası İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Şirvan Gömrük İdarəsi, Tovuz Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Yevlax Gömrük İdarəsi, Xudafərin Gömrük İdarəsi, “Azərterminalkompleks” Birliyinin gömrük əməkdaşları və broker təşkilatlarının nümayəndələri iştirak edirlər.

Təlim kurslarının əsas məqsədi bəyan etmə və gömrük rəsmiləşdirilməsi prosesində gömrük əməkdaşlarının və gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərinin üzləşdiyi çətinlikləri birgə şəkildə müzakirə etmək, onların aradan qaldırılması yollarını müəyyən etmək və bu yolla ticarətin asanlaşdırılması məqsədilə gömrük xidmətlərinin daha çevik və şəffaf təşkilini təmin etməkdir.

Təlim kurslarında Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində tətbiq olunan ən son yeniliklər, gömrük bəyannamələrinin tərtib edilməsi zamanı istifadə olunan yeni texnoloji sxem, komplekt halda (hissələr şəklində) gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qaydaları və onların statistikasının aparılması, ikili təyinatlı, icazə tələb olunan və ixrac nəzarətinə düşən malların bəyan edilməsində buraxılan tipik səhvlər və s. mövzularla bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, təlim kursları iyunun 11-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR