Lisey və gimnaziyaların I sinfinə elektron qəbul başlayıb

Lisey və gimnaziyaların I sinfinə elektron qəbul başlayıb
# 16 mart 2015 08:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Martın 15-dən etibarən Bakı şəhərində yerləşən lisey və gimnaziyaların I sinfinə elektron qəbul başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İDarəsindən APA-ya verilən xəbərə görə, valideynlər (və ya qanuni nümayəndə) Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri ilə yanaşı elektron sistem vasitəsilə qəbulu müsabiqə əsasında aparılan müəssisələr, lisey və gimnaziyalara da müraciət edə bilirlər.

Belə ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər. Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.Valideynlər 16 lisey və gimnaziyalara elektron müraciət edə bilərlər. Bunlara “Ankara məktəbi” məktəb lisey, BSU Məktəb Lisey Kompleksi, Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa liseyi, Heydər Əliyev adına lisey, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, İ.Hacıyeva adına “Tərəqqi” liseyi, 132-134 nömrəli təhsil kompleksi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, “Zəngi” liseyi, Milli, Konservatoriyanın tərkibində Respublika İncəsənət gimnaziyası, Humanitar Fənlər təmayüllü məktəb-lisey, 23 nömrəli tam orta məktəb, 287 nömrəli Zəkalar liseyi, 291 nömrəli Ekologiya liseyi, 160 nömrəli Klassik Gimnaziya daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR