Bu ilin 3 ayında SKMF xətti ilə maliyyələşdirilən layihələr hesabına 3 minə yaxın yeni iş yeri yaradılacaq

Bu ilin 3 ayında SKMF xətti ilə maliyyələşdirilən layihələr hesabına 3 minə yaxın yeni iş yeri yaradılacaq
# 01 may 2015 08:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin I rübü ərzində vəsaitlərinin istifadəsi haqqında məlumatı açıqlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, bu ilin 3 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı 1245 layihə, müxtəlif sənaye məhsullarının istehsalı və emalı ilə bağlı 16 layihə, kənd təsərrüfatı məhsullarının emalı və xidmət (infrastruktur) sahələrinin inkişafı ilə bağlı hər birində iki layihə olmaqla ümumilikdə 1265 layihə maliyyələşdirilib.

SKMF xətti ilə bu layihələrin maliyyələşdirilməsinə 41 mln. 519,5 min manat vəsait yönəldilib. Bu vəsaitin 57,9%-i və ya 24 mln. 031,5 min manatı kənd təsərrüfatı məhsullarının istehsalına, 36,1%-i və ya 15 mln. manatı xidmət (infrastruktur) sahələrinin inkişafına, 5,9%-i və ya 2 mln. 432 min manatı müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 0,1%-i və ya 56 min manatı kənd təsərrüfatı məhsullarının emalına ayrılıb.

Fondun məlumatlarını təhlil edəndə aydın olur ki, 1250 layihəyə kiçik həcmli kredit, 10 layihəyə böyük həcmli kredit, 5 layihəyə isə orta həcmli kredit verilib.

Qeyd edək ki, maliyyələşdirilən layihələr hesabına kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 2528, müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 278, xidmətin (infrastruktur) inkişafı sahəsində 75 və kənd təsərrüfatı məhsullarının emalı sahəsində 7 yeni iş yeri olmaqla ümumilikdə 2888 yeni iş yeri yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR