Bakıda Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib - VİDEO

Bakıda Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilib - <span style="color: red;">VİDEO
# 06 iyun 2015 08:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçirilir. APA-nın xəbərinə görə, Forumu giriş sözü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açıb.

S. Babazadə çıxışında bildirib ki, qan donorluğu Səhiyyə Nazirliyi üçün vacib istiqamətlərdən biridir: “Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər il dünyada 108 milyon doza qan toplanır. Bu gün bizim əsas məqsədimiz Azərbaycanda qan donorluğunu inkişaf etdirməkdir. Qohum donorluğu, təmənnalı donorluq anlayışları ortadan qalxmalıdır. Ötən il biz “14 iyun – Ümumdünya Qan Donoru Günü” ərəfəsində ictimai əsaslı İşçi Qrupu yaratdıq. İşçi Qrupuna Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İran Qızıl Aypara Cəmiyyəti, habelə digər təşkilatlar daxildir. Keçən il bir sıra öhdəliklər götürdük. Biz 2014-cü ildə Gəncə və Lənkəranda regional forumlar, rəsm müsabiqələri, qan donorları aksiyaları keçirdik. Eləcə də ilk milli forum 2014-cü il iyunun 14-də Bakıda keçirilib. Sevindirici haldır ki, bu işdə dövlət və qeyri-dövlət qurumları artıq birləşib”.

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Hematologiya şöbəsinin rəhbəri Zöhrə Əlimirzəyeva çıxışında “14 iyun -Ümumdünya Qan Donoru Günü” haqda ətraflı məlumat verib: “2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin “Ümumdünya Qan Donoru Günü” kimi qeyd olunması qərara alınıb. 2015-ci ildəki Ümumdünya Qan Donoru Günü kampaniyasının mövzusu “Həyatımı xilas etdiyin üçün sənə təşəkkür edirəm!” adlanır. Azərbaycanın daima tükənməyən qan ehtiyatı var. Qan ehtiyatı daima yenilənməlidir. Bu isə təmənnasız qan donorluğuna əsaslanır”.

Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva isə qeyd edib ki, Azərbaycanda ilk dəfə malyariya mənşəli anemiyanın kəskin formasından əziyyət çəkən xəstəyə qan köçürülüb: “Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva 8 fevral 2005-ci ildə “Talassemiyasız həyat naminə proqramı”nı elan etdi. 3 may 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qanın, qan komponentlərinin və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalandı. Son 10 il ərzində Azərbaycanda qan donorlarının sayı 3 dəfədən çox artıb. 2014-cü ildə Azərbaycanda donorlardan toplanan qan 36 ton 193 litrə yüksəlib. Respublika üzrə 2010-cu ildə 46530 nəfər qan donoru olubsa, 2014-cü ildə bu rəqəm 72697 nəfərə yüksəlib”.

Forumda “Qan ver həyat bəxş et!”, “Qan donorluğu: sən onları xilas edə bilərsən!” videoçarxları nümayiş olunub.

Qeyd edək ki, Forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İran Qızıl Aypara Cəmiyyətidir.

Forumun sonunda il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Bakı Metropoliteni, AZPETROL LTD MMC, Azərsun Holdinq, Nar Mobile, APA TV, ATV, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini, müğənnilər Sevda Yəhyayeva, Elnarə Xəlilova və digər şəxslər mükafatlandırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR