MTN-in Akademiyasında faşizm üzərində Qələbənin 70-ci ildönümü qeyd olunub

MTN-in Akademiyasında faşizm üzərində Qələbənin 70-ci ildönümü qeyd olunub
# 07 may 2015 11:12 (UTC +04:00)

Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, toplantıda Böyük Vətən müharibəsinin və təhlükəsizlik orqanlarının veteranları, ehtiyatda olan - general-mayor Bahadur Hüseynov, polkovnik-leytenant Bəxtiyar Süleymanlı və polkovnik-leytenant Cabbar Bəylərov, Akademiyanın dinləyiciləri, kursantları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçən əsgərlər iştirak ediblər.

Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev tədbir iştirakçılarını faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə təbrik edib. Qeyd olunub ki, belə bir tədbirin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təşkil edilməsinin xüsusi mənası və gələcəyin təhlükəsizlik zabitləri üçün mühüm əhəmiyyəti var.

Diqqətə çatdırılıb ki, faşist Almaniyasının keçmiş Sovetlər Birliyinə hücum planlarında Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi: “Bu da səbəbsiz deyildi, alman komandanlığı Bakı neftinə böyük önəm verirdi”.

Qeyd edilib ki, Azərbaycandan cəbhəyə səfərbər edilmiş 700 minə yaxın adamdan 300 mindən çoxu həlak olub və ya itkin düşüb. Müharibədə göstərdikləri şücaətə görə 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni, 170 min Azərbaycan əsgəri və zabiti isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İ. Allahverdiyev bildirib ki, Azərbaycan bu gün də müharibə şəraitində yaşayır, torpaqlarımızın iyirmi faizdən çoxu düşmən tapdağı altındadır, bir milyondan çox soydaşımız dədə-baba yurdlarından məcburi didərgin düşüb: “Lakin prezident, Ali Baş Komandan İlham Əliyevin bu gün apardığı xarici və daxili siyasət, iqtisadi inkişaf və ordu quruculuğu üçün gördüyü işlər bizim qəhrəman xalqımızın bu müharibədə qələbə qazanacağına ümidlərimizi daha da artırır”.

Daha sonra, tədbirdə çıxış edən general-mayor Bahadur Hüseynov və polkovnik-leytenant Bəxtiyar Süleymanlı İkinci Dünya müharibəsində keçdikləri döyüş yolundan və müharibənin vurduğu fəsadlardan bəhs ediblər.

Tədbirin sonunda İkinci Dünya müharibəsində azərbaycanlıların göstərdikləri rəşadətlər barədə film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR