“Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib - FOTOSESSİYA - VİDEO

“Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 aprel 2015 11:20 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı piar kampaniyası güclənir: “Təsadüfi deyil ki, APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmada bir sıra ciddi faktlar aşkarlanıb. Məlum olub ki, ABŞ başda olmaqla, ölkəmizə qarşı “qara piar”a start verilib. Bütün bunlar gözlənilən idi və Qərbin ikili standartlarından irəli gəlir. Biz düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin niyyətlər nəticə verməyəcək. Ümid edirəm ki, birləşib ölkəmizə qarşı çirkin kampaniyanın qarşısını alacağıq”.

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycana qarşı Con Kerrinin rəhbərliyi ilə hazırlanmış layihə xarakter etibarilə digər kampaniya sənədlərindən fərqlənir: “Fikrimcə, bu, anti-Azərbaycan kampaniyası çərçivəsində çox böyük bir plandır. Planın bir hissəsi APA agentliyi tərəfindən açıqlanıb, ancaq ümid edirəm ki, digər sənədlər də yayımlanacaq. Artıq ABŞ Azərbaycanda tərəfdarlarını və nüfuzunu getdikcə itirməkdədir. Düşünürəm ki, bu, heç bir halda iqtidarın yürütdüyü siyasətlə bağlı deyil. Prioritetləri dəyişən ABŞ və onun hazırkı hakimiyyətidir. ABŞ-ın hazırkı siyasəti demokratik dəyərlərə və Azərbaycanla münasibətlərə zərər vurur. Heç şübhəsiz ki, ABŞ-ın demokratiya adı altında yürütdüyü siyasət dünya xalqlarını qorxutmaqdadır. Düşünürəm ki, Azərbaycanı cəzalandırmaq siyasəti Qərb və ABŞ-ın maraqlarına daha çox zərbə vuracaq. Bu siyasət ABŞ-ın Cənubi Qafqaza girişini bağlamaq deməkdir. Bu baxımdan təklif edirəm ki, burada səslənən dəyərli fikirləri ingilis dilinə çevirib, ABŞ hökumətinə, Con Kerriyə göndərmək lazımdır”.

“Bakı xəbər” qəzetinin baş redaktoru, koalisiyanın koordinatoru Aydın Quliyev bildirib ki, Qərb dövlətlərinin özündə də insan haqları sahəsində ciddi problemlər var: “ABŞ-ın Əfqanıstanda yerli əhaliyə qarşı zorakılığı barədə faktlar mövcuddur. Bu faktları işıqlandıran ABŞ jurnalistinə də təzyiqlərin olması bu ölkədə azad mediaya təzyiqlərdən xəbər verir. 2011-ci ildə Böyük Britaniyada iğtişaşlar zamanı sosial şəbəkələrin bağlanması da bu ölkədə azadlıqların məhdudlaşdırılmasından xəbər verir. Sadaladığım faktlar ABŞ və Böyük Britaniyada söz və mətbuat azadlığının, insan hüquqlarının nə dərəcədə pozulduğunu göstərir”.

“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı “ABŞ və Avropada irqi və dini ayrı-seçkiliyin artması və multikultiralizmin iflası” mövzusunda məruzə edib. O bildirib ABŞ-da tarixən irqi və dini ayrı-seçkiliklərlə bağlı problemlər olub: “ABŞ-da dini ayrı-seçkiliyin qurbanına çevrilmiş iki milyona yaxın insan var. ABŞ insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmayıb. Beynəlxalq təşkilatların açıqladığına görə, ABŞ-da cinayətkarların cəzasızlığı, ölüm hökmünün qalması, miqrantların hüquqlarının pozulması, polis özbaşınalığı və digər ciddi problemlər var. Avropa İttifaqına gəldikdə, təşkilatın üzvü olan ölkələrdə insan haqlarına nəzarət edən heç bir qurum yoxdur. Bu faktlar onu göstərir ki, Avropa və ABŞ-da insan haqları ilə bağlı vəziyyət yaxşı deyil”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ABŞ və Avropa ölkələrində korrupsiya faktlarının artdığını vurğulayıb: “Bizə qarşı yönəlin əsas ittihamlardan biri də Azərbaycanda korrupsiyanın olmasıdır. Bizdə korrupsiya olsa da, buna qarşı effektli mübarizə aparılır. Təkcə, ASAN xidmətin fəaliyyətini vurğulamaq yetərlidir. Ancaq gəlin görək, bizi korrupsiyada ittiham edən ABŞ və Avropa İttifaqı ölkələrində vəziyyət necədir? Bu ölkələrdə yaşayan əhali arasında sorğu keçirilib və vətəndaşlar ölkələrində korrupsiyanın geniş yayıldığını bildiriblər. Avropa İttifaqı ölkələrində olduğu kimi, ABŞ-da da korrupsiya var. Amerikalıların 80 faizi ölkələrində korrupsiyanın olduğunu bildiriblər. Böyük Britaniyada 2006-cı ildə Lordlar Palatasında yerlərin pulla alınması qalmaqalı barədə həmin ölkənin mətbuatında məlumatlar yayılıb. ABŞ və Avropa İttifaqı ölkələrində olduğu kimi, çirkli pulların yuyulmasında iştirak edən beynəlxalq təşkilatlar, indi Azərbaycanda insan haqları ilə bağlı bəyanat yayır. “Freedom House” təşkilatının xərclərinin 80 faizi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir. Bu baxımdan reytinqlərin müəyyən olunmasında ciddi siyasi amillər dayanır”.

Daha sonra məruzələr ətrafında çıxışlar başlayıb.

APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxışında haqqında bəhs olunan araşdırma ilə bağlı sənədləri nümayiş etdirib. O qeyd edib ki, Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyanın miqyası böyükdür: “Avropa Oyunlarına qarşı kampaniya ilə bağlı əlimizdə olan sənədlər hələ ki, bunlardır. Amma hesab etmirəm ki, bu, bütün faktlardır, burda əlbəttə ki, işin tapşırıldığı alt qeyri-hökumət təşkilatlarının da hazırladıqları dəstəkçi layihələr var".

V. Mahirqızı xüsusilə ona diqqət çəkib ki, bu layihədə əsas məqsədlərdən biri də Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə yaxınlaşmasının qarşısını almaqdır: "Diqqət yetirsək görərək ki, Azərbaycan prezidentinin qətiyyətli çıxışları, avqust ayından bəri cəbhədə baş verənlər, Azərbaycanın tam olaraq cəbhədə psixoloji və hərbi üstünlük əldə etməsindən sonra hücumlar daha da intensivləşdi. Azərbaycanın iqtisadi qüdrəti, ordusu, hərbi gücü, hazırda həm Azərbaycan Ordusunda olan ruh yüksəkliyi və ermənilərdəki ruh düşkünlüyü, cəbhədə və Gümrüdə baş vermiş hadisələr fonunda Ermənistan cəmiyyətində yaranmış mənəvi deqradasiya problemin birmənalı olaraq, beynəlxalq hüququn da normalarına uyğun olaraq Azərbaycanın lehinə həll olunmasını şərtləndirir. Belə bir vaxtda neyləmək lazımdır? Düşünüb tapdıqları yalnız daxili sabitliyi pozmaq, "insan hüquqları" məsələsini qabartmaqla qara piar kampaniyası aparmaq və Dağlıq Qağlıq probleminin həllindən bacardıqca uzaqlaşdırmaqdır.

"APA Holdinq"in rəhbəri qeyd edib ki, o, insan haqları məsələsinin heç bir dövlətin daxili işi olmadığını da qeyd edib: "Bu Azərbaycanın olmadığı kimi Avropa ölkələrinin, Amerikanın da daxili işi deyil. Amma maraqlı bir faktı qeyd edim ki, 2006-cı ildə İtaliyada Qış Olimpiya Oyunları, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçirilən zaman həmin insan haqları ilə məşğul olan təşkilatların bir çoxu bu ölkələri monitorinqdən çıxarıb. Görəsən niyə?"

Millət vəkili Asim Mollazadə Azərbaycan xalqının Avropa Oyunlarına böyük önəm verdiyini bildirib: “Çünki burada Azərbaycan xalqının mədəniyyətinin, ölkəmizin inkişafının təbliğini aparır. Mən koalisiyanın işini də yüksək dəyərləndirirəm”.

Politoloq Elman Nəsirov da çıxışında bildirib ki, ABŞ-ın hakimiyyətində təmsil olunanlar Azərbaycana qarşı qərəzli mövqedədir. O, Azərbaycan qarşı təzyiqlərin ölkənin müstəqil siyasət yeritməsi ilə bağlı olduğunu deyib.

Millət vəkili Çingiz Qənizadə isə ABŞ-ın separat quruma dəstək verdiyini bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin siyasi çəkisinin daha da artmasına şərait yaradacaq: “Bundan narahat olan qüvvələr Azərbaycana qarşı belə addımlar atırlar. Bütün bunlar ABŞ və Qərbin Azərbaycana münasibətinin qeyri-səmimi olduğunu göstərir”.

Tədbirdə digər çıxışlar da dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR