Azərbaycanda “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” təsdiqlənib

Azərbaycanda “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” təsdiqlənib
# 07 iyun 2015 09:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısının tərtib edilməsi daşınmaz mədəni sərvətlərə münasibətdə Nazirlər Kabineti, digər mədəni sərvətlərə münasibətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhadətnamə verilir. Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədi ilə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yardımın göstərilməsini və ya beynəlxalq gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir. Mühafizə məqsədi ilə mədəni sərvətlərə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilir. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir.

Mühafizənin qabaqlayıcı dərəcəsi mədəni sərvətlərin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək həmin obyektlərə şamil edilir. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş obyektlər üzrə mədəni sərvətin cari təmiri və mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması həyata keçirilir. Mədəni sərvətin cari təmiri tarixi və bədii təyinatını dəyişdirmədən obyektin adi istismar vəziyyətini saxlamaq üçün mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır. Mədəni sərvətlərin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması tarixi və bədii təyinatını dəyişdirmədən ondan istifadə şərtlərinə uyğun olaraq mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.

Mədəni sərvətin cari vəziyyətinin pisləşməsinin qarşısının alınması, mədəni sərvətin hal-hazırkı vaxtadək saxlanılmış görkəminin dəyişilməməsi, fövqəladə və qarşısıalınmaz hallarda təcili tədbirlərin görülməsi imkanlarının yaradılması və mülkiyyətçi və ya istifadəçi tərəfindən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılması məqsədi ilə mədəni sərvətlərə mühafizənin konservasiya dərəcəsi tətbiq edilir. Mədəni sərvətlərin konservasiyasına fiziki-mexaniki və fiziki-kimyəvi mühitin təsirindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr quraşdırmaq, daşınmaz mədəni sərvətlərin yeraltı suların dağıdıcı təsirindən qorunmasını və onların toxunulmazlığını və çəpərlənməsini təmin etmək tədbirləri daxildir.

Mühafizənin konservasiya dərəcəsi tətbiq edilmiş obyektlər istifadədən tamamilə çıxarılmalı və ya Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəni sərvətlərə aid edilir. Mühafizənin bərpa (rekonstruksiya, regenerasiya) dərəcəsi isə mədəni irs obyektlərinin ilkin mədəniyyət təyinatına qaytarılması məqsədi ilə bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mədəni sərvətlərin bərpası onların zədələnmiş və itirilmiş hissələrinin mədəni sərvətin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edilib ilkin halına gətirilməsidir. Mühafizənin bərpa dərəcəsi ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər. Mədəni sərvətin istifadəyə uyğunlaşdırılması üçün mədəni sərvətlərin rəvayətlər, rəsmlər, qravyuralar əsasında tərtib olunmuş layihələr üzrə yenidən qurulması, mədəni sərvətlərin daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə onların ilkin həcm-plan həllinin bərpası həyata keçirilir.

Xüsusi mühafizə dərəcəsi Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir. Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na uyğun olaraq mədəni sərvətlər Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilir. Xüsusi mühafizə dərəcəsi istisna olmaqla, müvafiq mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “İnzibati icraat haqqında” qanuna uyğun olaraq müraciət edilir. Müraciətə mədəni sərvətlərlə əlaqədar aparılacaq bərpa, yenidənqurma və abadlıq,təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri əlavə edilir. Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu layihələrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyi əsasında baxır. AMEA-nın müsbət rəyi alındıqdan sonra, Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri təsdiq edilir. AMEA-nın müsbət rəyi olmadıqda və ya Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən layihələr təsdiq edilmədikdə, bu barədə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinə məlumat verilir.

Mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qəbul edir. Qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır. Qərar qəbul edildikdən sonra layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR