Bakıda istehlakçıların hüquqlarına həsr olunan dəyirmi masa keçirilir

Bakıda istehlakçıların hüquqlarına həsr olunan dəyirmi masa keçirilir
# 18 sentyabr 2015 07:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulunun 20 illiyi ilə bağlı dəyirmi masa keçirilir.

"APA-Economics"in xəbərinə görə, "İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər" mövzusuna həsr olunmuş dəyirmi masada aidiyyəti dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, bu qanunla Azərbaycanda ilk dəfə olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmış istehlakçı prinsipləri hüquqi şəkildə təsbit edilib, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlanıb: "İstehlakçılar və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsini, istehlakçıların hüquqlarını və bu hüquqların müdafiəsi mexanizmini özündə birləşdirməsi baxımından qanun olduqca böyük əhəmiyyətə malikdir".

İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Z. İsayev həyata keçirilən tədbirlər nəticəsində ölkədə istehlakçı hüquqlarının müdafiəsinin daha da yaxşılaşdırıldığını və bu istiqamətdə tədbirlərin davam etdiyini qeyd edib.

Dövlət Xidmətinin rəisi istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd edib və rəhbərlik etdiyi qurum tərəfindən bu sahədə görülən işlər iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə həmçinin, aidiyyəti dövlət orqanlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət, bu sahədə qanunvericilik, həyata keçirilən maarifləndirmə tədbirləri mövzularında çıxış edib, istehlakçı hüquqlarının qorunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR