Los Ancelesdə 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib

Los Ancelesdə 28 May - Respublika Günü münasibəti ilə tədbir keçirilib
# 01 iyun 2015 08:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 May -Respublika Günü ilə əlaqədar təntənəli tədbir keçirilib.

Baş Konsulluğun mətbuat xidmətindən verilən məlumata görə, 800-dək qonağın iştirak etdiyi tədbir maraqlı məqamlarla yadda qalıb.

Bayram tədbiri "Tolerantlıq və dinlərarası harmoniyanın musiqili bayramı" devizi altında Los Ancelesin ən qədim kilsələrindən biri olan "İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsi"ndə keçirilib. Qeyd edək ki, "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri" dini cərəyanı ABŞ-ın ən nüfuzlu dini cərəyanlarından biridir.

Tədbirdə bir sıra ölkələrin baş konsulları, müxtəlif dini icmaların rəhbərləri, Los Anceles vilayət və şəhər rəsmiləri, elm və mədəniyyət xadimləri, diaspora üzvləri və digərləri iştirak ediblər.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev belə bir mənalı və tarixi önəm daşıyan tədbirə ev sahibliyi etdiyinə görə "İsa məsihin sonuncu gün müqəddəsləri kilsəsi"nə öz təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti məhz Azərbaycan xalqının qədim tolerantlıq ənənələrinə söykənərək, heç bir ayrıseçkilik qoymadan müxtəlif dini və etnik azlıqların təmsil olunduğu parlament və hökumət formalaşdırıb, tam dini etiqad azadlığını təmin edib. N.Ağayev bildirib ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu tolerantlıq ənənələrini uğurla davam etdirir və respublikamızda bütün dini icmaların dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşamaları üçün hər cür şərait yaradılıb.

Baş konsul vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində dini ixtilafların baş qaldırdığı bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi uğurlu tolerantlıq modeli bütün dünya üçün gözəl bir örnəkdir.

Daha sonra baş konsul Respublika Günü ilə əlaqədar Nevada, Nyu Meksiko, Havay və Arizona ştatlarının qubernatorları, Los Anceles də daxil olmaqla Kaliforniyanın 10 şəhəri tərəfindən qəbul edilmiş, həmin ştat və şəhərlərdə 28 mayın “Azərbaycan Milli Günü”nün elan edilməsinə dair bəyannamələri, həmçinin bu məqsədlə Baş Konsulluğa ünvanlanmış təbrik məktublarını qonaqların diqqətinə çatdırıb. Sonra 10 milyonluq Los Anceles Vilayətinin İdarə Heyəti adından Respublika Günü münasibətilə qəbul edilmiş təbrik bəyannaməsi baş konsula təqdim olunub.

Sonra "İsa məsihin sonuncu gün müqəddəsləri" dini cərəyanının Los Anceles nümayəndəliyinin rəhbəri Stiven Rad, habelə Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu Sinay sinaqoqunun idarə heyətinin üzvü, Los Anceles yəhudi icmasının tanınmış üzvü Keri Lerman çıxış ediblər.

Tədbir konsert proqramı ilə davam edib. Tanınmış azərbaycanlı orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova, türk opera müğənnisi Oya Ergün və pianoçu Cem Oslu tərəfindən Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərinin ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR