“Təmiz Şəhər” “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində son nailiyyətlərini nümayiş etdirib

“Təmiz Şəhər” “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində son nailiyyətlərini nümayiş etdirib
# 19 noyabr 2014 14:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Təmiz Şəhər” ASC Bakıda keçirilən beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE 2014”) sərgisində son nailiyyətlərini nümayiş etdirib.

Cəmiyyətin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “CTE” 5-ci yubiley sərgisi Azərbaycan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Danimarka, İtaliya, İsveç, Rusiya, Serbiya, Türkiyə, Çexiya və digər ölkələrdən gələn şirkətləri bir meydançada toplayıb.

Sərgidə “Təmiz Şəhər” göstərir ki, ekologiyanın qorunması sahəsində cəmiyyətin fəaliyyəti çox genişdir: müəssisə Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda tullantılar arasındakı müxtəlif növ materialları bir-birindən ayıraraq təkrar emala yönləndirir. Qəsəbədə yerləşən Bərk Məişət Tullantılarının Yandırılması zavodunda isə zibil kütləsi yandırılaraq ondan elektrik enerjisi hasil edilir. Burada əldə olunan enerji il boyunca Azərbaycanın hər hansı bir rayonunu elektrik enerjisi ilə təmin etmək gücündədir.

“Təmiz Şəhər” həmçinin Abşeron göllərinin kompleks bərpası layihəsini icra edir. Böyükşor gölündə artıq bir sıra işlər görülüb su hövzəsi və gölün sahili müxtəlif tullantılardan təmizlənib. Növbəti göl layihəsi Zığla bağlı olacaq.

Cəmiyyətin sosial, mədəni layihələri də genişdir. “Təmiz Şəhər” ASC müxtəlif layihələrlə əhalini tullantılarla düzgün davranmağa, ətraf mühiti qorumağa çağırır. Belə layihələrdən biri Heydər Əliyev Fondu ilə birgə icra etdiyi “Tullantıdan Sənətə” Beynəlxalq İncəsənət Sərgisidir ki, hər il keçirilən bu sərgidə tullantı materiallarından hazırlanmış incəsənət əsərləri nümayiş olunur.

Ümumilikdə isə “CTE 2014” sərgisi ziyarətçilərin diqqətini ətraf mühitin mühafizəsi üzrə problemlərə və onların həlli yollarına, eləcə də bir çox digər məsələlərə yönəltməklə, təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni məhsulları, bərk tullantıların yığılması və utilizasiyası üzrə sistemləri və alternativ energetika avadanlıqlarının müasir nümunələrini nümayiş etdirir. Bu il sərginin fərqləndirici cəhəti çirkab suların turşulu qatışıqlar və ağır metallardan təmizlənməsi, suvarma üçün kənd təsərrüfatında və istehsalda təkrar istifadə məqsədilə radioaktiv suların təmizlənməsi sistemləri üzrə xarici ekspozisiyaların artmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR