Bu ilin I yarısında Azərbaycan dövlət büdcəsinin mədaxil proqnozu 101,6%, xərcləri isə 94,7% icra olunub

Bu ilin I yarısında Azərbaycan dövlət büdcəsinin mədaxil proqnozu 101,6%, xərcləri isə 94,7% icra olunub
# 21 iyul 2014 13:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat, xərcləri 8723,8 mln. manat olub, 615,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yanvar-iyun aylarında dövlət büdcəsinin mədaxili 9192,6, mln. manat proqnoza qarşı 9338,8 mln. manat və ya 1,6% çox olub.

Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6% icra edilməklə dövlət büdcəsinə 3578,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 123,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 mln. manat və ya 7,9% çoxdur.

2014-cü ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,2% əməl edərək büdcəyə 732,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 92,9 mln. manat çoxdur.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 mln. manat təşkil edib. Sair daxilolmalardan nəzərdə tutulan 18,5 mln. manata qarşı büdcəyə 46,7 mln. manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub.

Bu ilin 6 ayında Dövlət Neft Fondundan dövlət büdcəsinə 4883,8 mln. manat vəsait transfert edilib.

2014-cü ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 mln. manat icra olunub.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7% və ya 8723,8 mln. manat icra olunub.

Bu ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3%-i və ya 2644,9 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 334,3 mln. manat çoxdur. 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,5% (154,2 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1% (28,7 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5% (22,4 mln. manat), təhsil xərclərinə 7,6% (44,5 mln. manat), səhiyyə xərclərinə 7,6% (19,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 7,3% (31,5 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8% (227,2 mln. manat), nəqliyyat və rabitə xərclərinə 6,3% (2,2 mln. manat) çox vəsait yönəldilib.

Bu ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2315,8 mln. manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 37,1 mln. manat vəsait sərf edilib.

Dövlət büdcəsinin xərcləri bu ilin aprel-iyun ayları üzrə 4349,5 mln. manat icra olunub. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapıb.

Bu ilin altı ayında icmal büdcənin gəlirləri 11537,4 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 mln. manat və ya 2,5% çoxdur. Hesabat dövründə icmal büdcənin xərcləri 9913,1 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94,9 mln. manat və ya 1,0% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR